Bakı. Trend:
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində səsləndirilən məqamlar və müəyyənləşdirilən prioritetlər regionun yaxın gələcəkdəki inkişaf yolunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibəsində yer alan strateji yanaşmalar muxtar respublikanın daxili sosial-iqtisadi göstəricilərini yüksəltməyə və onun xarici iqtisadi və nəqliyyat kəsişməsindəki mövqeyini möhkəmləndirməyə hədəflənib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
Deputat qeyd edib ki, Naxçıvanla bağlı səsləndirilən konseptual baxışlar ölkənin ümumi inkişaf strategiyasının məntiqi tərkib hissəsidir:
“Naxçıvanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi və orada hərbi potensialın ardıcıl şəkildə artırılması bütün iqtisadi və sosial layihələrin fundamental zəminini təşkil edir. Müasir texnika ilə təchizat və komando strukturlarının genişləndirilməsi göstərir ki, regionda dayanıqlı sülhün və iqtisadi tərəfdaşlığın təmin olunması birbaşa hərbi gücün balansı ilə bağlıdır. Xüsusilə nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizi ətrafında proseslərin intensivləşdiyi bir vaxtda Naxçıvanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması bölgədəki strateji sabitliyin ən etibarlı zəmanətidir”.
Deputat əlavə edib ki, müsahibədə xüsusi yer tutan enerji təhlükəsizliyi və tranzit potensialı məsələləri Naxçıvanın ixracatçı mərkəzə çevrilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir:
“Müsahibədə ortaya qoyulan rəqəmlər və bərpaolunan enerji planları göstərir ki, Muxtar Respublika yaxın illərdə daxili tələbatı tam ödəməklə yanaşı, ətraf ölkələrə genişmiqyaslı elektrik enerjisi ixrac edən əsas qovşaqlardan birinə çevriləcək. Xüsusilə Sənaye Parkının təməlinin qoyulması və Günəş enerjisi layihələrinə xarici investorların cəlb edilməsi göstərir ki, regionda biznes mühiti artıq özəl sektor üçün yüksək cəlbediciliyə malikdir. Eyni zamanda nəqliyyat infrastrukturunun 15 milyon ton yükaşırma gücünə çatdırılması hədəfi regionun beynəlxalq loqistika zəncirindəki çəkisini əsaslı şəkildə artıracaq. Azad edilmiş ərazilər, Şərqi Zəngəzur və Naxçıvanın vahid idarəetmə və inkişaf modeli çərçivəsində inteqrasiya olunması bütöv bir coğrafiyanın modernləşməsinə xidmət edən uzaqgörən dövlət siyasətinin parçasıdır”.