Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 64,669 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,920 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 3,559 milyon kVt/saat və ya 5,8%, dəyər ifadəsi ilə isə 205 min ABŞ dolları, yaxud 7,5% artıb.
Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan Rusiyadan 1,515 milyon ABŞ dolları dəyərində, 38,057 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 95 min ABŞ dolları və ya 6,7% çox, həcm ifadəsində isə 3,484 milyon kVt/saat və ya 8,4% azdır.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.
Qeyd edək ki, Azərbaycan və Rusiya rəsmiləri də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirirlər. Bu ay Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin ticarət dövriyyəsinin artırılması, birbaşa investisiyaların genişləndirilməsi və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu üzrə əməkdaşlığı müzakirə etdiklərini bildirib.
"Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir", - deyə o bildirib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hökumətlərarası komissiyanın müntəzəm fəaliyyətini iqtisadi əməkdaşlığın əsas mexanizmlərindən biri kimi qiymətləndirərək, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində ümumi dinamikanın müsbət olaraq qaldığını vurğulayıb.
"Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq", – deyə o bildirib.