Bakı.Trend:
Rumıniyanın Çernavoda şəhərində yerləşən Atom Elektrik Stansiyası Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi səbəbindən ikinci enerji blokunun fəaliyyətini tam dayandırıb. Elektrik istehsalı bərpa olunanana qədər Rumıniya yaranmış elektrik enerjisi çatışmazlığını idxal hesabına qarşılayacaq.
Bu barədə “Digi24” məlumat yayıb.
2 saylı enerji blokunun nəzarətli şəkildə dayandırılması proseduruna bu gün saat 07:00-da başlanılıb. Saat 11:00-da isə bundan əvvəl təxminən 680 meqavat elektrik enerjisi təmin edən stansiya şəbəkəyə elektrik enerjisi təchizatını tamamilə dayandırıb.
Qərar reaktorların soyudulması üçün istifadə olunan Dunay çayında suyun səviyyəsinin uzun müddət ərzində əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədar qəbul edilib. “Nuclearelectrica” şirkəti vurğulayıb ki, prosedur bütün təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilib.