Bakı.Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) tədricən öz əhəmiyyətini itirir və “yavaş ölüm” prosesindən keçməkdədir.
Bu fikri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru və BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlərdən biri hesab edilən Rafael Qrossi səsləndirib.
Qrossi “Financial Times” qəzetinə müsahibəsində BMT-nin birbaşa dağılma və ya fəaliyyətini dayandırma təhlükəsi ilə üzləşən təşkilat olduğunu düşünmədiyini bildirib. Onun sözlərinə görə, baş verənlər daha çox təşkilatın təsir gücünün tədricən azalmasına bənzəyir.
“BMT son dövrlərdəki böhranların və dövlətlərarası müharibələrin həllinə əhəmiyyətli töhfə vermədiyi üçün tədricən öz əhəmiyyətini itirir”, – deyə BAEA rəhbəri qeyd edib.
Qrossi həmçinin sosial proqramlar və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla, digər sahələrdə təşkilatın fəaliyyətinin nəticələrindən məyus olduğunu bildirib.