Bakı. Trend:
Çərşənbə günü axşam saatlarında 5,5 maqnitudalı zəlzələ Salvador, Honduras və Nikaraquanı silkələyib. ABŞ Geoloji Xidməti (USGS) və yerli seysmoloji müşahidə mərkəzlərinin məlumatına görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb, dağıntı qeydə alınmayıb.
USGS-nin məlumatına görə, yerli vaxtla saat 18:30-da baş verən yeraltı təkanların ocağı 56,8 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Sakit okeanda, Usulutan departamentinin sahillərindən təxminən 160 kilometr cənubda qeydə alınıb. Salvadorun Ətraf Mühit Nazirliyi isə X sosial şəbəkəsində zəlzələnin maqnitudasının 5,7 olduğunu və “Salvador üçün sunami təhlükəsinin olmadığını” bildirib. Yeraltı təkanlar Honduras və Nikaraquada da hiss olunub.
Üç ölkənin mülki müdafiə xidmətləri əhali arasında çaxnaşmaya səbəb olan zəlzələ nəticəsində ölən və yaralananların, eləcə də maddi ziyanın qeydə alınmadığını açıqlayıb.
Qeyd edək ki, Mərkəzi Amerika Karib dənizi və Koko tektonik plitələrinin bir-birinə yaxınlaşması, eləcə də yerli geoloji qırılmalar səbəbindən bu cür təbiət hadisələrinə mütəmadi olaraq məruz qalır.