Bakı. Trend:
Boeing 2019-cu ildə 737 MAX 8 qəzasında həlak olan şəxsin ailəsinə 29 milyon dollar ödəməyə məhkum edilib.
Bu barədə avqustun 12-də, çərşənbə günü məhkəmə nümayəndəsi məlumat verib.
İş 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviaşirkətinin ET302 reysinin qəzasında həlak olan 157 nəfərdən biri — BMT-də çalışan irlandiyalı mühəndis Maykl "Mik" Rayanın ailəsi tərəfindən mülki qaydada qaldırılıb. Təyyarə havaya qalxdıqdan altı dəqiqə sonra Efiopiyanın paytaxtının cənub-şərqində qəzaya uğrayıb. Təyyarədə olan 157 nəfərin hamısı həlak olub. Onlar 35 ölkənin vətəndaşları idi. Təyyarə qəzanın baş verməsindən cəmi bir neçə ay əvvəl aviaşirkətə təhvil verilmişdi.
İddia üzrə məhkəmə prosesi avqustun 3-də Çikaqodakı federal məhkəmədə başlayıb. Mülki iddianı Ümumdünya Ərzaq Proqramında çalışan və iki uşaq atası olan Maykl Rayanın dul həyat yoldaşı Nişa Konnoli Rayan qaldırıb. Maykl həmin gün BMT-nin Ətraf Mühit Assambleyasının iclasında iştirak etməyə gedən və həlak olan 21 BMT əməkdaşından biri olub.
"Boeing" hələ 2019-cu ildə etiraf etmişdi ki, uçuş zamanı təyyarə burnunun aşağı enməsinin qarşısını alan proqram təminatı bu qəzaların baş verməsinə səbəb olan amillərdən biri olub. Bu hadisələr nəticəsində onlarla mülki iddia qaldırılıb və onların demək olar ki, hamısı məhkəmədənkənar razılaşmalarla həll edilib. Bu razılaşmaların təfərrüatları məxfi saxlanılır.
2026-cı ilin mayında "Ethiopian Airlines" qəzasında 24 yaşında həlak olan amerikalı Samya Stumonun ailəsi 49,5 milyon dollar təzminat alıb. "Boeing"in vəkili Den Uebb həmin vaxt məhkəmədə zərərçəkənin yaxınlarının "maliyyə təzminatı almalı olduqları” barədə onların vəkili ilə “razılaşdığını” bildirib. O, yeganə fikir ayrılığının "bu təzminatın dəqiq məbləği" ilə bağlı olduğunu vurğulayıb.