Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp avqustun 12-də özünün Truth Social sosial şəbəkəsində Ağ Evin mətbuat katibi Kerolayn Livittin ayın sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. Bu yaxınlarda ikinci övladını dünyaya gətirən Livitt ailəsinə vaxt ayırmaq üçün vəzifəsini tərk edəcək.
Kerolayn Livitt isə "X" sosial şəbəkə hesabında paylaşımında bu qərarı “şirin-acı” adlandırıb, ABŞ prezidentinə “inanılmaz dərəcədə minnətdar” olduğunu bildirib və gələcəkdə xarici məsləhətçi kimi fəaliyyət göstərəcəyini qeyd edib. 28 yaşlı respublikaçı X sosial şəbəkəsində yazıb: “Ürəyimin dərinliyində hiss etdim ki, iki azyaşlı övladımın layiq olduğu ana ola bilmərəm, eyni zamanda mətbuat katibi kimi vəzifəmin tələb etdiyi enerjini, daimi diqqəti və vaxtı sərf edə bilmərəm.”
Trampın seçki kampaniyası dövründə, 2024-cü ildə oğul övladı dünyaya gələn Livitt mayın əvvəlində qız övladını da dünyaya gətirib. ABŞ prezidenti onun qərarını tam şəkildə başa düşdüyünü və hörmətlə qarşıladığını bildirib. Tramp açıqlamasında Ağ Evin mətbuat katibinin fəaliyyətini yüksək qiymətləndirərək onun işini “möhtəşəm” adlandırıb.
Kerolayn Livitt bu yüksək vəzifəyə təyin olunan ən gənc şəxs olub. O, özünün fikrincə, getdikcə daha radikallaşan “Demokratlar Partiyası”nın yaratdığı “ekzistensial təhlükəyə” qarşı mübarizə aparacağına söz verib.
ABŞ-nin şimal-şərqində yerləşən Nyu-Hempşir ştatından olan Livitt ənənəvi mediaya qarşı sərt tənqidlərin üstünlük təşkil etdiyi aqressiv kommunikasiya strategiyasına rəhbərlik edib. Onun strategiyasında həmçinin “MAGA” (“Make America Great Again” – “Amerikanı yenidən möhtəşəm et”) ideologiyasını dəstəkləyən influenserlərə və kontent yaradıcılarına daha çox yer verilib.