Bakı.Trend:
İspaniya və Portuqaliyanın bir sıra regionlarında isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq elan olunub.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Pireney krallığının Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, ölkədə havanın temperaturu 40 dərəcəyədək yüksələ bilər. Bununla əlaqədar qurum ölkənin əksər hissəsində xəbərdarlıq səviyyəsini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəyədək artırıb.
Meteoroloqlar yaxın günlərdə meşə yanğınlarının baş verməsi riskinin çox yüksək olacağı barədə də xəbərdarlıq ediblər.
EFE agentliyinin məlumatına görə, Portuqaliya Dəniz və Atmosfer İnstitutu da respublikanın şimal-şərqindəki dörd rayonda isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Həmin ərazilərdə də havanın temperaturunun 40 dərəcəyə yaxınlaşacağı gözlənilir.
Bundan əvvəl isə xəbər verdiyimiz kimi Fransanın 78 rayonunda anomal istilərlə bağlı xəbərdarlıq elan edilmişdi. Britaniyada isə qarşıda gələn istilik dalğası ilə əlaqədar hökumətin fövqəladə hallar üzrə Kobra iclası təyin olunub.