Bakı. Trend:
2026-cı ilin 6 ayı ərzində Blumberq ticarət sistemində banklararası təminatsız bazar üzrə ümumi həcmi 55.7 milyard manat təşkil edən 1530 əqd bağlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata əsasən, bu əməliyyat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur. Bildirilib ki, bağlanan əqdlərin həcm baxımından 96%-i 1-3 günlük əməliyyatlar hesabına formalaşıb.
“2026-cı ilin 6 ayında pul bazarı üzrə əməliyyat fəallığı yüksək səviyyədə qalıb. Qısamüddətli maliyyə resurslarına tələbin davam etməsi banklararası bazarda aktivliyi dəstəkləyib. Eyni zamanda, pul bazarının ayrı-ayrı seqmentlərində faiz dərəcələrində azalma qeydə alınıb”, - məlumatda qeyd edilib.
Bundan başqa, hesabat dövründə banklararası təminatsız bazarda formalaşan faizlərdə azalma baş verib: “2026-cı ilin I rübündə bağlanmış əqdlər üzrə orta faiz dərəcəsi 6.58% təşkil etmiş, II rübdə isə bu göstərici 6.44%-ə enib. Ümumilikdə, cari ilin I yarımilində təminatsız bazarda orta faiz dərəcəsi 6.55% olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.71 faiz bəndi azdır. Bazarın təminatsız seqmenti ilə yanaşı repo bazarında da aktivlik yüksək olmuşdur. Xüsusilə, 2026-cı ilin II rübündə son dövrlərin ən yüksək əməliyyat həcmi qeydə alınmışdır. Cari ilin 6 ayında repo bazarında ümumi həcmi 20.6 milyard manat təşkil edən 3015 əqd bağlanmışdır ki, bu əqdlərin həcm baxımından 87%-i bankların iştirakı ilə formalaşmışdır. Repo əqdlərinin 90%-ni 6-8 günlük əməliyyatlar təşkil etmişdir”.
Qeyd edilib ki, repo əməliyyatları üzrə orta çəkili faiz dərəcəsinin rüblər üzrə azalma meyli davam edib: “Belə ki, orta faiz dərəcəsi ilin I rübündə 6% təşkil etdiyi halda, II rübdə 5.68%-ə enmişdir. Ümumi olaraq, cari ilin I yarısında repo əqdləri üzrə orta faiz dərəcəsi 5.83% təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.08 faiz bəndi azdır”.