Bakı. Trend:
Son 1 il ərzində manatla verilmiş kreditlər üzrə faiz dərəcələrində stabilləşmə, xarici valyutada kreditlər üzrə faizlərdə isə azalma müşahidə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyata kredit qoyuluşlarında artım davam edib. “İlin əvvəlinə nəzərən kredit portfeli (bank və BOKT) 6.1% artaraq iyunda 33.9 mlrd. manata çatmışdır. Kreditlərin tərkibində uzunmüddətli kreditlərin payı üstünlüyünü qorumuş, dövrün sonuna onun xüsusi çəkisi 82.5% olmuşdur. Uzunmüddətli kreditlərin həcmi dövr ərzində 6.8% artaraq 27.9 mlrd. manata yüksəlmişdir. Qısamüddətli kreditlərin həcmi isə ilin əvvəlindən 2.6% artaraq 5.9 mlrd. manata çatmışdır. Kredit portfelində biznes kreditləri hesabat dövrü ərzində 6.7% artaraq iyunun sonuna 17.2 mlrd. manat təşkil etmişdir. Dövr ərzində biznes kreditləri üzrə ən yüksək artım nəqliyyat (36%) sahəsi üzrə olmuşdur. O cümlədən, kredit portfelinin tərkibində istehlak və ipoteka kreditləri dövr ərzində müvafiq olaraq 6% və 2.7% artaraq 9.9 və 4.7 mlrd. manat olmuşdur. Hesabat dövrünün sonuna xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 14.9% təşkil etmişdir”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, 2026-cı ilin iyun ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 18.6%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 5.4% təşkil edib.