Bakı.Trend:
Qırğızıstan Azərbaycanın ölkənin hidroenergetika sahəsinə investisiya yatıracağına ümid edir.
Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya nazirinin birinci müavini Çoro Seyitov Trend-ə verdiyi özəl müsahibədə deyib.
"Energetika Qırğızıstan-Azərbaycan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Qırğızıstan Respublikası əhəmiyyətli hidroenerji potensialına malikdir və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə layihələri fəal şəkildə həyata keçirir", – deyə o bildirib.
Seyitov vurğulayıb ki, bu istiqamətin inkişafında Azərbaycan-Qırğızıstan İnkişaf Fondu mühüm rol oynayır. Fond artıq İssık-Kul və Oş vilayətlərində kiçik su elektrik stansiyalarının tikintisi layihələrini maliyyələşdirir.
"Bu layihələrin həyata keçirilməsi generasiya güclərinin artırılmasına, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların inkişafına töhfə verəcək. Biz həmçinin enerji infrastrukturunun modernləşdirilməsi, paylayıcı şəbəkələrin inkişafı, enerji-səmərəli texnologiyaların tətbiqi və "yaşıl energetika" sahəsində birgə layihələrin həyata keçirilməsi üçün investisiyaların daha da artırılmasında maraqlıyıq", – deyə nazirin birinci müavini əlavə edib.
Orta Dəhlizin inkişafı naminə birgə fəaliyyət
Seyitov bildirib ki, Qırğızıstan Respublikası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında maraqlıdır və onu regional nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, eləcə də ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından perspektivli istiqamətlərdən biri kimi qiymətləndirir.
"Orta Dəhlizin inkişafı alternativ beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarını genişləndirir, logistika zəncirlərinin dayanıqlığını artırır və xarici ticarət daşımalarının şaxələndirilməsinə töhfə verir. Biz Orta Dəhlizin keyfiyyətcə inkişafını və potensialının daha da gücləndirilməsini dəstəkləyirik. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisi xüsusi əhəmiyyət kəsb edir və regionun nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından əsas amil kimi qiymətləndirilir", – deyə o əlavə edib.
Nazirin birinci müavininin sözlərinə görə, bu marşrutun imkanlarının genişləndirilməsi ixrac istiqamətlərinin şaxələndirilməsinə, yüklərin çatdırılma müddətinin qısaldılmasına, Qırğızıstan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, həmçinin ölkənin regional nəqliyyat-logistika zəncirlərinin iştirakçılarından biri kimi rolunun möhkəmləndirilməsinə imkan verəcək.
"Marşrutun gələcək inkişafı üçün nəqliyyat siyasətinin əlaqələndirilməsi, nəqliyyat prosedurlarının rəqəmsallaşdırılması, multimodal daşımaların inkişafı, gömrük inzibatçılığının təkmilləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması, eləcə də birgə infrastruktur layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Qırğızıstan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Bu isə qarşılıqlı ticarətin və tranzit daşımalarının həcminin artmasına töhfə verəcək", – deyə Seyitov bildirib.
Qarşılıqlı ticarətin artım perspektivləri
Onun sözlərinə görə, Qırğızıstan Respublikası Azərbaycanı regionda mühüm tərəfdaşlardan biri hesab edir və ikitərəfli ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişafına böyük önəm verir.
"Qarşılıqlı ticarətin həcmi hələlik nisbətən kiçik olsa da, son illərdə sabit müsbət dinamika müşahidə olunur. Qırğızıstan tərəfinin məlumatına görə, 2025-ci ilin yekunları üzrə ticar't dövriyyəsi əvvəlki illə müqayisədə 11,9 faiz artaraq 12,2 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, artıq 2026-cı ilin yanvar-aprel aylarının yekunlarına əsasən qarşılıqlı ticarətin həcmi də 12,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,2 dəfədən çox üstələyir. Bu, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə fəallaşdığını göstərir", – deyə nazirin birinci müavini əlavə edib.
Seyitovun sözlərinə görə, qarşılıqlı ticarətin artımı həm Qırğızıstan məhsullarının Azərbaycan bazarına sabit tədarükü, həm də ilk növbədə neft məhsulları və şəkər olmaqla Azərbaycan mallarının idxalının artması hesabına təmin olunur.
"Əməkdaşlığın gələcək inkişafı üçün böyük potensialı sənaye kooperasiyası, aqrar-sənaye kompleksi və kənd təsərrüfatı məhsullarının emalı, toxuculuq və tikiş sənayesi, nəqliyyat və logistika, energetika, neft məhsullarının tədarükü, turizm, rəqəmsal iqtisadiyyat, eləcə də birgə investisiya layihələrinin həyata keçirilməsi sahələrində görürük. İqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycan-Qırğızıstan İnkişaf Fondu mühüm rol oynayır və iqtisadiyyatın əsas sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə töhfə verir", – deyə o bildirib.
İnvestisiya imkanları
Nazirin birinci müavini bildirib ki, Qırğızıstan investisiya mühitini ardıcıl şəkildə təkmilləşdirir, biznesin aparılması üçün şəraitin yaxşılaşdırılması, investorların hüquqlarının qorunması və investisiya layihələrinə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi istiqamətində islahatlar həyata keçirir.
"2026-cı il iyunun 1-nə olan məlumata görə, Qırğızıstan Respublikasında Azərbaycan Respublikası kapitalının iştirakı ilə 54 təsərrüfat subyekti qeydiyyatdan keçib. Müəssisələrin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərir. Bundan əlavə, tikinti, sənaye, nəqliyyat, peşə fəaliyyəti, energetika, maliyyə sektoru, səhiyyə və digər istiqamətlərdə də fəaliyyət göstərən müəssisələr var. Birbaşa xarici investisiyalar sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycandan daxil olan investisiyaların həcmi 26,1 milyon ABŞ dolları təşkil edib, 2026-cı ilin birinci rübündə isə bu göstərici 3,1 milyon ABŞ dollarına bərabər olub. İnvestisiyaların əhəmiyyətli hissəsi maliyyə sektoru, səhiyyə, ticarət və iqtisadiyyatın digər sahələrinə yönəldilir", – deyə o izah edib.
Seyitov bildirib ki, investisiya fəallığının stimullaşdırılması üçün əlavə vasitələrdən biri Azərbaycan-Qırğızıstan İnkişaf Fondudur.
"Hazırda Fondun faktiki ödənilmiş nizamnamə kapitalı 63,82 milyon ABŞ dolları təşkil edir. Fond 120 investisiya müraciətinə baxır, onlardan səkkiz layihə artıq energetika, sənaye, infrastruktur, səhiyyə, logistika, aqrar-sənaye kompleksi və turizm sahələrində maliyyələşdirilib. Biz Azərbaycan investisiyalarının cəlb edilməsi baxımından hidroenergetika, emal sənayesi, aqrar-sənaye kompleksi, nəqliyyat-logistika infrastrukturu, turizm, rəqəmsal iqtisadiyyat, tikinti, yüngül sənaye və ixracyönümlü məhsul istehsalını ən perspektivli istiqamətlər hesab edirik", – deyə nazirin birinci müavini əlavə edib.
Əməkdaşlığın yeni istiqamətləri
Seyitov hesab edir ki, uzunmüddətli perspektivdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının potensialı ənənəvi ticarət istiqamətlərindən xeyli genişdir.
"Biz iqtisadiyyatın rəqəmsal transformasiyası, elektron ticarətin inkişafı, süni intellekt, innovativ texnologiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika xidmətlərinin inkişafı, bərpa olunan energetika, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq, turizm və kadr hazırlığı sahələrində birgə fəaliyyət üçün yaxşı perspektivlər görürük. Mərkəzi Asiya, Qafqaz və regionun digər ölkələrinin bazarlarına yönəlmiş birgə istehsal müəssisələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir", – deyə o bildirib.
Nazirin birinci müavininin sözlərinə görə, Qırğızıstan kritik əhəmiyyətli mineral ehtiyatlar sahəsində əməkdaşlığın genişləndirilməsində, müasir texnologiyaların mübadiləsində, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində və innovativ şirkətlər arasında tərəfdaşlığın inkişafında da maraqlıdır.
"Əminik ki, iki ölkə rəhbərliyi arasında mövcud olan siyasi etimad, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun işi və biznes ictimaiyyətləri arasında birbaşa əlaqələrin fəallaşması sayəsində Qırğızıstan-Azərbaycan iqtisadi əməkdaşlığı bundan sonra da möhkəmlənəcək, yeni forma və məzmun qazanacaq", – deyə o əlavə edib.
Qarşıdan gələn birgə tədbirlər
Seyitov qeyd edib ki, ikitərəfli əməkdaşlığın inkişafının əsas mexanizmlərindən biri 1997-ci il hökumətlərarası sazişinə uyğun olaraq yaradılmış Qırğızıstan-Azərbaycan İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası olaraq qalır.
"Ötən dövr ərzində Komissiyanın altı iclası keçirilib. Sonuncu iclas 2025-ci ilin dekabrında Bakı şəhərində baş tutub. İclasın yekununda ticarət, investisiyalar, sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 83 tədbiri əhatə edən Birgə Tədbirlər Planı təsdiqlənib. Tədbirlərin böyük əksəriyyəti hazırda praktiki icra mərhələsindədir", – deyə o bildirib.
Nazirin birinci müavini bildirib ki, yaxın perspektivdə iki ölkənin dövlət qurumlarının, inkişaf institutlarının və biznes dairələrinin nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli tədbirlərin, işgüzar görüşlərin və biznes missiyalarının keçirilməsi nəzərdə tutulur.
"Ümid edirik ki, bu platformalar yeni investisiya layihələrinin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə, sənaye kooperasiyasının inkişafına və Qırğızıstanla Azərbaycan sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına töhfə verəcək", – deyə o, fikrini yekunlaşdırıb.
