Bakı.Trend:
Ermənistan hökuməti iclasında üç nazirliyin adının onların fəaliyyət məqsədlərinə daha da uyğunlaşdırılması üçün dəyişdirilməsini nəzərdə tutan layihəni təsdiqləyib.
Ermənistan KİV-in yazdığına görə, Xarici İşlər Nazirliyinin Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılması təklif olunur. Belə ki, qurumun vəzifələrinə ölkənin xarici iqtisadi maraqlarının təşviqi, ixracın qorunması və şaxələndirilməsi də daxil ediləcək.
Əmək və Sosial Məsələlər Nazirliyinin isə Əmək və Rifah Nazirliyi adlandırılması təklif edilir. Buna səbəb nazirliyin sosial məsələlərlə yanaşı, insanların və ailələrin rifahının təmin olunması, eləcə də həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində də fəaliyyət göstərəcək olmasıdır.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılacaq.