Bakı. Trend:
Çərşənbə axşamı Prezident Donald Trampı daşıyan hərbi helikopter Vaşinqtondakı Ronald Reyqan Milli Hava Limanından havaya qalxan sərnişin təyyarəsinə qısa müddət ərzində normadan artıq yaxınlaşıb.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Qurum ABŞ prezidentinin heç bir təhlükə ilə üzləşmədiyini vurğulayıb.
Hadisə Marine One helikopteri yaxınlıqda olduğu halda sərnişin təyyarəsinin havaya qalxmasına niyə icazə verilməsi ilə bağlı ciddi suallar doğurub. 2025-ci ilin yanvarında hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 67 nəfərin həlak olmasından sonra FAA hava limanı ətrafında helikopterlər və sərnişin təyyarələrinin eyni vaxtda hərəkətini qadağan etmişdi.
"İlkin təhlükəsizlik təhlilimizə əsasən, qısa müddət ərzində təhlükəsiz məsafə pozulub, daha sonra isə hava gəmiləri bir-birindən uzaqlaşmağa davam edib", – deyə FAA çərşənbə günü bildirib.
Reuters agentliyinə danışan iki mənbənin sözlərinə görə, Trampın Marine One helikopteri çərşənbə axşamı günortadan sonra Ağ Evdən havaya qalxsa da, ötən il qəbul edilmiş qaydalara baxmayaraq, hava hərəkətini idarəetmə xidməti Ronald Reyqan Milli Hava Limanında kommersiya reyslərini dayandırmayıb.
FAA qaydalarına əsasən, hava limanları yaxınlığında hava gəmiləri arasında üfüqi istiqamətdə ən azı 1,5 mil (təxminən 2,4 km), şaquli istiqamətdə isə 500 fut (152 metr) məsafə saxlanılmalıdır.
Mətbuat açıqlamasına görə, Trampın helikopteri Ağ Evin yaxınlığındakı Ellipse meydanından yerli vaxtla saat 14:33-də havaya qalxaraq Los-Ancelesə səfər öncəsi Endryus Birləşmiş Hərbi Bazasına istiqamət alıb.
Reuters-ə danışan mənbələrdən biri bildirib ki, insidentdə Florida ştatının Pensakola şəhərinə uçan Envoy Air 3742 reysi – Embraer E170 tipli regional təyyarə iştirak edib. Təyyarə saat 14:34-də havaya qalxıb. American Airlines şirkətinin törəmə müəssisəsi olan Envoy Air hələlik hadisəyə münasibət bildirməyib.
Həm Trampın helikopteri, həm də sərnişin təyyarəsi uçuşu problemsiz başa çatdıraraq təhlükəsiz eniş edib.
Digər mənbənin sözlərinə görə, daha bir regional reys – Republic 4700 – insident baş verən zaman Ronald Reyqan hava limanından təxminən 3 mil (5 kilometr) məsafədə olub və ehtiyat tədbiri kimi marşrutu dəyişdirilib. American Airlines adından uçuş həyata keçirən Republic Airways şirkətinə məxsus Embraer 175 təyyarəsi Roli-Durham hava limanından qalxaraq eniş etməzdən əvvəl hava limanı üzərində əlavə dövrə vurub və saat 14:52-də yerə enib. Bu barədə FlightAware xidmətinin məlumatında deyilir.
Adətən FAA-nın hava hərəkətini idarəetmə xidməti Marine One helikopterinin havaya qalxmasından azı üç dəqiqə əvvəl məlumatlandırılır ki, Ronald Reyqan hava limanından kommersiya reyslərinin uçuşu müvəqqəti dayandırılsın.