Bakı. Trend:
Hindistanın ANI agentliyinin məlumatına görə, şirkətin rəhbəri Mark Zukerberq də Hindistanın Baş naziri Narendra Modidən üzr istəyib.
Meta şirkətinin qlobal məsələlər üzrə direktoru Coel Kaplan Hindistanın Baş naziri Narendra Modinin Facebook-da paylaşımının müvəqqəti bloklanmasına görə üzr istəyib. Trend xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi Kaplanın Yeni Dehlidə ölkənin elektronika və informasiya texnologiyaları naziri Aşvini Vayşnav ilə keçirdiyi görüşdən sonra məlumat yayıb.
"Baş nazir Modinin paylaşımının məhdudlaşdırılmasına səbəb olan səhvə görə Meta şirkəti adından nazirdən üzr istədim", – deyə Kaplan bildirib.
Hindistan hökumətindəki mənbələrin sözlərinə görə, Meta-nın baş direktoru Mark Zukerberq də Modinin paylaşımının müvəqqəti silinməsi ilə bağlı üzr istəyib. Bildirilib ki, görüş zamanı Amerika korporasiyasının nümayəndələri şirkətə məxsus platformaların fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu qəbul ediblər.
Xüsusilə, Meta rəhbərliyi uşaqlara qarşı cinsi zorakılıq materiallarının və "deepfake" məzmununun yayılması ilə bağlı problemləri etiraf edib. Həmçinin bildirilib ki, müəyyən növ məzmunun təşviqi üçün əhəmiyyətli məbləğdə vəsait ödənilib.
Bundan əvvəl Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi Meta-dan Narendra Modinin Facebook paylaşımının bloklanması ilə bağlı insidentin səbəblərini izah etmək üçün nümayəndələrini göndərməyi tələb etmişdi. Tərəflər həmçinin şirkətin siyasətini və hadisənin texniki səbəblərini müzakirə ediblər.
Modinin imtahan suallarının sızmasının qarşısının alınmasına həsr olunmuş videosu iyulun 23-də paylaşılmış, iyulun 28-də isə qısa müddət ərzində əlçatmaz olmuşdu.