Bakı. Trend:
Ruben Vardanyan ətrafında uzun illər formalaşdırılan “xeyriyyəçi” imici son dövrlərdə həm hüquqi faktlar, həm də beynəlxalq səviyyədə səslənən yeni arqumentlər fonunda ciddi şəkildə sarsılır.
Bu baxımdan ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üçün istifadə olunan xüsusi materialların istehsalında iştirak edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 strateji bombardmançılarının görünməzlik örtüyünün müəllifi Ergün Kırlıkovalının Nyu-York Universitetinin professoru Nassim Nikolas Talebə ünvanladığı açıq məktub xüsusi diqqət çəkir.
Məktubda Ruben Vardanyanın filantrop kimi təqdim edilməsinin reallığı əks etdirmədiyi, onun haqqında yaradılmış müsbət imicin məqsədli şəkildə formalaşdırıldığı vurğulanır və beynəlxalq akademik dairələr faktlara əsaslanan obyektiv yanaşmaya çağırılır. Bu yanaşma Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə çatdırdığı mövqe ilə üst-üstə düşür.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ruben Vardanyan Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olub, Qarabağda fəaliyyət göstərmiş qondarma rejimdə yüksək vəzifə tutub, separatçı idarəçiliyin saxlanmasına xidmət edib və postmünaqişə dövründə sülh prosesini pozmağa çalışan əsas fiqurlardan birinə çevrilib. Onun reinteqrasiya prosesinə qarşı çıxan bəyanatları və bölgədə gərginliyin davam etdirilməsinə hesablanmış çağırışları da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu iddiaların böyük hissəsi artıq hüquqi müstəvidə araşdırılıb. Bakı Hərbi Məhkəməsi Ruben Vardanyanı Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması, hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlət sərhədini qanunsuz keçmə və digər ağır cinayətləri nəzərdə tutan çoxsaylı maddələri üzrə təqsirli bilib. Məhkəmə prosesində yüzlərlə sübut, zərərçəkmişlərin ifadələri və ekspertiza rəyləri araşdırılıb, təqsirləndirilən şəxs isə müdafiəçi, tərcüməçi və digər prosessual hüquqlarla təmin olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Ruben Vardanyan ətrafında illərlə yaradılmış “xeyriyyəçi” və “filantrop” obrazının mahiyyətini ifşa edən mühüm sənəddir.
Deputatın sözlərinə görə, Nassim Nikolas Talebin Ruben Vardanyanın həbsini əsas gətirərək Bakıda mühazirə oxumaqdan imtina etməsinə cavab olaraq Ergün Kırlıkovalının səsləndirdiyi arqumentlər göstərir ki, risklər və yanlış narrativlər barədə yazan bir alimin təbliğat təsiri altına düşməsi paradoksal vəziyyətdir.
Bəhruz Məhərrəmov qeyd edib ki, OCCRP-nin “Troika Laundromat” araşdırmaları Ruben Vardanyanın rəhbərlik etdiyi maliyyə şəbəkələrinin ofşor mexanizmlər vasitəsilə milyardlarla dollar vəsaitin hərəkətində iştirak etdiyini üzə çıxarıb.
O bildirib ki, Ruben Vardanyanın Rusiya hərbi-sənaye kompleksi ilə əlaqələri və Ukraynadakı müharibə fonunda sanksiyalardan yayınma mexanizmlərində hallanması onun fəaliyyətinin transmilli cinayət aspektlərini gündəmə gətirir.
Onun sözlərinə görə, işğal dövründə təbii sərvətlərin talanması və qanunsuz silahlı dəstələrin saxlanılmasında iştirakla bağlı faktlar da beynəlxalq humanitar hüquq baxımından ciddi əhəmiyyət daşıyır.
"Azərbaycanda Ruben Vardanyana qarşı terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və dövlət sərhədinin qanunsuz keçilməsi kimi maddələr üzrə irəli sürülən ittihamlar beynəlxalq hüquqa uyğun olmaqla yanaşı, cəzasızlıq praktikasına qarşı mühüm hüquqi presedent yaradır və Ergün Kırlıkovalının məktubu da beynəlxalq ictimaiyyəti məhz bu reallığı görməyə çağırır", - deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Qeyd edək ki, Ruben Vardanyanın ətrafında yaradılmış “humanitar lider” obrazı onun maliyyə fəaliyyəti ilə bağlı illər əvvəl yayımlanan beynəlxalq araşdırmalar fonunda da ciddi suallar doğurur. Xüsusilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) “Troika Laundromat” araşdırması onun rəhbərlik etdiyi “Troika Dialog” ətrafında qurulmuş ofşor maliyyə şəbəkəsini yenidən gündəmə gətirib.
Araşdırmada 2006-2013-cü illərdə bu mexanizm vasitəsilə 4,6 milyard dollardan çox vəsaitin hərəkət etdiyi, daxili əməliyyatların ümumi həcminin isə 8,8 milyard dollara çatdığı qeyd olunur.
Eyni zamanda vurğulanır ki, Ruben Vardanyan barəsində həmin araşdırma üzrə cinayət ittihamı irəli sürülməyib. Bununla belə, materiallarda onun bu maliyyə infrastrukturunun istifadəçilərindən biri olduğu, ailəsinə aid bəzi xərclərin də həmin sistem üzərindən ödənildiyi göstərilir.
Beynəlxalq mediada onun Rusiya siyasi və biznes elitası ilə yaxın münasibətləri, əlaqələndirildiyi şirkətlərin Ukraynadakı müharibə kontekstində müxtəlif müzakirələrdə hallanması da filantrop obrazının siyasi imic kampaniyası təsiri bağışladığını göstərən amillər kimi təqdim olunur.
Azərbaycanın mövqeyi isə dəyişməzdir: dövlətin suverenliyinə qarşı fəaliyyət göstərmiş, separatizmi dəstəkləmiş və ağır cinayətlərdə ittiham olunan şəxslərin hüquqi məsuliyyəti heç bir ictimai imiclə aradan qaldırıla bilməz.
Ergün Kırlıkovalının açıq məktubu, beynəlxalq araşdırmalarda yer alan faktlar və Ruben Vardanyan barəsində çıxarılmış məhkəmə hökmü eyni nəticəni ortaya qoyur: illərlə yaradılan xeyriyyəçilik mifləri hüquqi həqiqətləri dəyişdirmək gücündə deyil və faktlar gec-tez təbliğat üzərində üstünlük qazanır.

