Bakı.Trend:
Hindistan parlamentinin Rabitə və İnformasiya Texnologiyaları Komitəsi “Meta” şirkətinin baş icraçı direktoru Mark Zukerberqə sosial şəbəkədə Baş nazir Narendra Modinin paylaşımının müvəqqəti silinməsinə görə, üç günlük ultimatum verərək ondan üzr istəməyi tələb edib.
Bu barədə “India Today” öz mənbələrinə istinadən məlumat yayıb.
Tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Hindistan “Meta”nı hüquqi müdafiə təmin edən “safe harbour” ("təhlükəsiz liman") statusundan məhrum etməyi planlaşdırır. Bu isə platformanın rəhbər şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər.
Söhbət Modinin Facebook və Instagram platformalarında yayımlanan videomüraciətinin silinməsindən gedir. Hindistanın baş naziri həmin videoda tələbə etirazları fonunda sənədlərin sızdırılmasına görə sərt tədbirlərin görüləcəyini vəd edib. Meta paylaşımı qısa müddətlik bloklasa da, mənfi reaksiyalardan sonra onu yenidən bərpa edib.
Parlament komissiyasında paylaşımın müvəqqəti silinməsi "demokratiyaya hücum" kimi qiymətləndirilib.