Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında keçirilən “Microsoft World Championship” dünya finalında Azərbaycan ilk dəfə təmsil olunub. Yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Hüseyn Şükürov Microsoft istiqaməti üzrə dünyanın ən güclü iştirakçıları arasında 6-cı yeri tutaraq ölkəmiz üçün tarixi nailiyyətə imza atıb!
Dünyanın 42 ölkəsindən 310-dan çox gəncin qatıldığı nüfuzlu çempionatda Azərbaycan iştirakçıları ilk dəfə mübarizə aparmalarına baxmayaraq yüksək nəticə göstərərək Top-10 siyahısına daxil olublar. Bakı Ali Neft Məktəbinin tələbəsi Nəzrin Miriyeva isə yarışda 9-cu yeri tutub.
Nəticələri dəyərləndirən Hüseyn Şükürov ilk iştirakda 6-cı yerə layiq görülməsini beynəlxalq təcrübə qazanmaq və peşəkar inkişaf baxımından mühüm uğur kimi qiymətləndirib. Qeyd edək ki, çempionata vəsiqə uğrunda keçirilən milli seçim mərhələsində 500-dən çox gənc iştirak edib. Hazırlıq prosesinin sonunda 50 iştirakçı beynəlxalq sertifikat əldə edib, ən yüksək nəticə göstərən 6 nəfər isə ABŞ-də təşkil olunan dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Layihə dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Microsoft istiqaməti üzrə layihəyə Gənclər və İdman Nazirliyi, PAŞA Bank və ASAN İnnovativ İnkişaf Mərkəzi, Adobe istiqaməti üzrə isə Mədəniyyət Nazirliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi dəstək göstərib.



