Bakı. Trend:
2026-cı ilin cari dövrü ərzində ödənişli atalıq məzuniyyəti verilən şəxslərin sayı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, indiyə qədər 349 işəgötürən 868 kişiyə ödənişli atalıq məzuniyyəti verib:
“2026-cı ilin 7 ayı ərzində 349 işəgötürən tərəfindən ümumilikdə 868 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.Bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir. İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir”, - Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, atalıq məzuniyyətinin ödənişli olması 16 yanvar 2026-cı il tarixində Əmək Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
1 iyun 2026-cı ilin məlumatlarına əsasən 164 işəgötürən tərəfindən ümumilikdə 346 işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilmişdi. Müqayisə göstərir ki, bu ay 522 nəfər kişi uşağının doğulması ilə əlaqədar ödənişli atalıq məzuniyyətindən yararlanıb. İyuna olan məlumatla müqayisədə görünür ki, bu ay ödənişli atalıq məzuniyyəti verən işəgötürənlərin sayı 185 olub.