Bakı. Trend:
İndoneziyada bazar günü 271 nəfəri daşıyan bərədə yanğın baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, hadisə nəticəsində azı beş nəfər həlak olub, daha 41 sərnişin isə itkin düşmüş hesab olunur.
Yanğın Şərqi Yava əyalətində yerləşən ölkənin ikinci ən böyük şəhəri Surabayadan Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə hərəkət edən bərədə baş verib.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) məlumatına görə, kapitan hadisə barədə gəmiçilik şirkətini xəbərdar etdikdən sonra onunla əlaqə kəsilib. Xilasetmə xidmətinin son məlumatına əsasən, 225 nəfər xilas edilib.
"Basarnas"ın məlumatına görə, bəzi sərnişinlər yaxınlıqdakı gəmilər tərəfindən xilas edilməzdən əvvəl özlərini suya atmalı olublar. Daha dörd gəmi bərənin yaxınlığında gözləyib, lakin göyərtədə alışan materialların olması səbəbindən ona yaxınlaşa bilmir. İtkin düşən şəxslərin axtarışları davam etdirilir.