Bakı. Trend:
FIFA prezidenti Canni İnfantino şənbə günü UEFA-nın boykot hədələri, eləcə də Asiya və Şimali-Mərkəzi Amerika futbol konfederasiyalarının açıq etirazı fonunda təşkilata özəl investorların cəlb edilməsini nəzərdə tutan layihədən imtina etdiyini elan edib.
FIFA rəhbəri Canni İnfantino futbolun kommersiyalaşdırılması və maraqlar toqquşması ilə bağlı narahatlıqlara səbəb olan layihədən geri çəkildiyini bildirib. O, bəyanatında qeyd edib:
“Bütün tərəflərin mövqeyini diqqətlə dinlədikdən sonra aydın oldu ki, bu layihə ilkin məqsədə artıq xidmət etməyən fikir ayrılıqları yaradıb”.
Bu qərar, həmçinin İnfantinonun baş müşaviri Karlos Kordeyronun yaxın vaxtlarda istefasından sonra onun mövqeyinin zəiflədiyi bir dövrdə verilib.
“Bizim məqsədimiz həmişə birlik yaratmaq və inkişaf etmək olub və belə də qalacaq. Buna görə də bu təklif həyata keçirilməyəcək”, – deyə FIFA prezidenti vurğulayıb.
Çərşənbə axşamı gözlənilmədən təqdim olunan plan qarşıdakı dörd il ərzində dünya futbolunun inkişafı üçün maliyyələşdirməni 10 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tuturdu. Lakin layihə həm mahiyyətinə, həm də hazırlanma formasına görə ciddi tənqid olunurdu.
İnfantino FIFA Forward Enterprise (FFE) adlı yeni şirkətin yaradılmasını planlaşdırırdı. Bu qurum özəl investorlar üçün açıq olmalı və FIFA-nın kommersiya fəaliyyəti, eləcə də turnirlərin təşkilini idarə etməli idi. Tənqidçilər hesab edirdilər ki, bu addım futbol yarışlarının mahiyyətini dəyişdirə və onları həddindən artıq kommersiyalaşdıra bilər.
Layihə xüsusilə Avropanın 55 milli assosiasiyasını birləşdirən və son 10 dünya çempionundan yeddisinin təmsil olunduğu UEFA tərəfindən kəskin etirazla qarşılandı. UEFA cümə axşamı yekdilliklə bəyan etmişdi ki, əgər FIFA bu təşəbbüsdən imtina etməsə, təşkilatın himayəsi altında keçiriləcək növbəti turnirlərdə, o cümlədən dünya çempionatında iştirak etməyəcək.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsinin 41 federasiyasını birləşdirən CONCACAF da təklifi rədd edib. Asiya Futbol Konfederasiyası (AFC) isə cümə günü bildirib ki, plan onun həyata keçirilməsi üçün zəruri olan geniş konsensus və birliyi təmin edə bilməz.
Afrika və Okeaniya konfederasiyaları daha ehtiyatlı mövqe tutaraq üzv assosiasiyalarını layihəni diqqətlə öyrənməyə və qiymətləndirməyə çağırıblar. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) isə əlavə izahat tələb edərək, “futbolun hər zaman bütün digər maraqlardan üstün tutulmalı olduğunu” vurğulayıb.
FIFA FFE şirkətinin səhmlərinin bir hissəsini satmaqla 4,2 milyard ABŞ dollarına qədər vəsait cəlb etməyi planlaşdırırdı. Təşkilatın planına əsasən, özəl investorların payı maksimum 20 faiz olmalı və onlar azlıq səhmdarları statusunda qalmalı idilər.
Potensial investorlar arasında ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşner tərəfindən yaradılmış Thrive Eternal investisiya fondu da yer alırdı. Bu fakt əlavə tənqidlərə səbəb olmuşdu. Tənqidçilər İnfantinonun 2026-cı il dünya çempionatı ərəfəsində və turnir zamanı Donald Trampla nümayiş etdirdiyi yaxın münasibətləri də xatırladırdılar.
Layihə həyata keçirilsəydi, FIFA-nın 211 üzv assosiasiyasının hər biri 2027-ci ilin əvvəlində birdəfəlik 20 milyon ABŞ dolları alacaq, 2027–2030-cu illər üçün inkişaf maliyyələşdirilməsi isə hazırkı 8 milyon dollardan 20 milyon dollara yüksəldiləcəkdi.