Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul nəticələrini elan edib. Builki plan yerləri ilə qəbul sayının müqayisəsi göstərir ki, təxminən 4 minə yaxın plan yeri boş qalacaq.
Belə ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Yəni 1 876 bakalavr magistraturaya qəbul olunmayıb.
Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.
Bu il magistratura üzrə plan yerlərinin sayı 17 688 idi. Qəbul olunanların sayı isə 13845 nəfər olub. Müqayisə göstərir ki, bu il universitetlərə magistr qəbulu üzrə 3 843 plan yeri boş qalır.
Qeyd edək ki, bir neçə gün öncə təhsil üzrə mütəxəssis Elmin Nuri Trend-ə açıqlamasında bildirmişdi ki, magistratura üzrə hər il təxminən 3-5 min plan yerinin boş qalması müşahidə olunur. Ekspertin sözlərinə bunun bir neçə səbəbi var:
"Magistraturaya gənclərin marağı aşağı səviyyədədir. Akademik karyerasını inkişaf etdirmək istəyən gənclərin sayı azalmaqdadır. Magistratura imtahanının mövcud modeli gənclərin iştirakına təsir edir. İmtahanda ixtisas fənni üzrə sualların olmaması ciddi problemlərdən biridir. Xüsusilə humanitar ixtisasları bitirən məzunlar arasında bu istiqamətdə ümidsizlik yaranır. Əmək bazarında magistratura dərəcəsinə kifayət qədər önəm verilmir. Magistr dərəcəsi işə qəbul zamanı əsas və vacib amillərdən biri kimi qiymətləndirilmir və bu dərəcəyə görə xüsusi imtiyazlar təqdim olunmur".
O vurğulamışdı ki, magistratura üzrə dəyişikliklərə ehtiyac var:
"Bəzi magistratura ixtisasları üzrə müəyyən düzəlişlərin aparılmasına ehtiyac var. Eyni zamanda, işəgötürənlər magistr dərəcəsinə daha çox önəm verməli, əməkhaqqı və karyera imkanları da bu təhsil səviyyəsinə uyğun şəkildə tənzimlənməlidir".