Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi, biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ulu Öndər, eyni zamanda, bu çağırışı da edirdi ki, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Ulu Öndərin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorumaq hamımızın vəzifəsidir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dil siyasətinə xüsusi diqqət göstərilib. Azərbaycançılıq ideologiyasının inkişafının və təbliğinin prioritetliyini nəzərə alsaq onun tərkib hissəsi olan dilimizin qorunması istiqamətində davamlı addımların atılması diqqətdən kənarda qalmır. Ulu Öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” fikirləri Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ana dilinə olan dərin sevgini ifadə edir. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük cəsarət tələb edən bir hadisə idi. Belə ki, 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Totalitar Sovet rejimi şəraitində dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər edərək özünün şəxsi nümunəsi ilə onları bu məsələdə prinsipial mövqe nümayiş etdirməyə səsləyirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyasında verilmişdi. Bütün bunlar bir daha sübut edir ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Liderin dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirməklə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını görə bilərik. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin çox böyük əksəriyyətində Ulu Öndərin irəli sürdüyü ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ümummilli Lider ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Dahi rəhbərin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Həmçinin Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına uyğun olaraq hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümumiyyətlə, Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə ana dilimizin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar fərmanlar, sərəncamlar imzalanmış və qanunlar qəbul edilmişdir. 2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin doğma xalqına və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Elə Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı aparılan işlər, görülən zəruri tədbirlər və qazanılan uğurlar da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dilimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər, atdığı addımlar davamlıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev, həmçinin 2018-ci ildə Azərbaycan dili ilə bağlı iki mühüm sənəd imzaladı. Onlardan biri “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam oldu. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı haqqında” Fərmanı idi. Hər iki sənəd Azərbaycan dilinin bu günü və gələcəyi naminə atılan uğurlu addım olmaqla yanaşı, ümumilikdə müasir müstəqil Azərbaycan dövlətinin, xalqımızın milli ruhunun qorunub-saxlanmasının təqdimatı idi. Prezident İlham Əliyevin 2025-ci ilin 31 iyul tarixində imzaladığı Fərmanla müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, həmçinin Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aid edilib.
Millət vəkili qeyd edib ki, milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi özündə əks etdirən dilimizin qorunmasına, inkişafına xidmət edən addımların sırası genişdir. Nəzərə alsaq ki, xalqı xalq, milləti millət edən onun dilidir, bu halda atılan və onların fonunda bundan sonra da atılacaq addımların mənzərəsini yaratmaq mümkündür. Ümummilli Lider Heydər Əliyevin “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” fikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilməlidir. Dilimizi sevək, qoruyaq, gələcək nəsillərə çatdıraq. Bu gün hər birimiz qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyan Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün qürurluyuq. Prezident İlham Əliyev hər zaman bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar.
Vüqar Rəhimzadə bildirib ki, ana dilimiz bu gün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını bir ideya ətrafında birləşdirir. Ulu Öndər Heydər Əliyevin ana dilimizi sevmək, onu yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini özündə ehtiva edən çağırışları bu gün də hər birimizin qarşısında mühüm vəzifələr qoyur. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir.