Bakı. Trend:
Yay aylarında valideynlərin uşaqlarla bağlı ən böyük narahatlıqlarından biri iştahasızlıq problemidir. Bir çox valideyn isti havalarda uşağının əvvəlki qədər yemək yemədiyini müşahidə edir və bunun hansısa xəstəliyin əlaməti ola biləcəyindən narahat olur. Bəs yay aylarında müşahidə olunan iştahasızlığın səbəbləri nədir, uşaqlar necə qidalandırılmalıdır və hansı qidalara üstünlük verilməlidir?
Mövzu ilə bağlı K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı həkim-pediatr Nərmin Əzizova Trend-ə açıqlamasında bildirib ki, əksər hallarda bu vəziyyət orqanizmin yüksək temperatur şəraitinə verdiyi normal fizioloji cavab hesab olunur.
Həkim qeyd edib ki, bununla belə, yay aylarında yaranan hər iştahasızlığı da yalnız isti hava ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, uşağın yaşına uyğun böyüməsinin dayanması, çəki itirməsi, maye qəbulundan imtina etməsi və ya iştahasızlığın digər narahatedici əlamətlərlə müşayiət olunması mütləq pediatr tərəfindən qiymətləndirilməlidir.
Uşağın iştahası azalanda yeməyə məcbur etmək doğru deyil - ÜST
Pediatr bildirib ki, uşağın iştahası azaldıqda valideynlərin ilk reaksiyası çox vaxt onu daha çox yeməyə məcbur etmək olur. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun əksini tövsiyə edir:
“ÜST uşaqların qidalanmasında responsive feeding (cavabverici qidalanma) prinsipini əsas yanaşma kimi qəbul edir. Bu yanaşmanın mahiyyəti valideynin uşağın aclıq və toxluq siqnallarını nəzərə alması, yeməyi sakit şəkildə təqdim etməsi və uşağı yeməyə həvəsləndirməsi, lakin heç vaxt məcbur etməməsidir.
ÜST-ün tövsiyəsində qeyd olunur ki, “Uşağı səbirlə yeməyə həvəsləndirin, lakin onu məcbur etməyin”.
Bu yanaşmanın məqsədi yalnız həmin gün uşağın daha çox yeməsi deyil, gələcəkdə sağlam qidalanma davranışının formalaşmasıdır”.
Yay aylarında iştahanın azalması normaldır
Nərmin Əzizova qeyd edib ki, ətraf mühitin temperaturu yüksəldikcə orqanizm bədən istiliyini tənzimləmək üçün müxtəlif fizioloji mexanizmləri işə salır. Onun sözlərinə görə, isti hava şəraitində həzm prosesi zamanı yaranan əlavə istilik yükünü azaltmaq məqsədilə bəzi insanlarda qida qəbulu təbii olaraq azalır. Buna görə də yay aylarında iştahanın müəyyən qədər zəifləməsi normal fizioloji adaptasiya hesab olunur. Eyni zamanda isti hava şəraitində uşaqlar daha çox tərləyir, daha çox maye qəbul edir, açıq havada daha uzun müddət fiziki aktiv olurlar və ağır və isti yeməklərə maraqları azalır.
Bütün bunlar birlikdə gündəlik qəbul olunan qida miqdarının müvəqqəti azalmasına səbəb ola bilər.
Bu hallarda yay iştahasızlığı normal sayılır:
Həkim qeyd edib ki, əgər uşaq aktivdirsə, kifayət qədər maye qəbul edirsə, boy və çəki inkişafı yaşına uyğundursa, ümumi inkişafı normal davam edirsə və əvvəlki kimi oynayır, yatır və gündəlik fəaliyyətini davam etdirirsə yay aylarında iştahanın müəyyən qədər azalması əksər hallarda narahatlıq doğurmur.
“Burada ən vacib göstərici uşağın bir gün və ya bir yemək zamanı nə qədər yeməsi deyil. Pediatr üçün daha əhəmiyyətli olan uşağın boy və çəki inkişafının yaşına uyğun davam etməsidir. Əgər uşaq öz boy və çəki percentilini qoruyursa, gündəlik porsiyaların bir qədər kiçilməsi əksər hallarda fizioloji hesab olunur.
Araşdırmalar göstərir ki, uşaqların təxminən 20–30%-ində həyatının müəyyən dövründə seçici yemək davranışı müşahidə olunur. Bu uşaqların əksəriyyətində böyümə normal davam edir və problem yaş artdıqca azalır. Buna görə də hər iştahasız uşaqda ciddi xəstəlik axtarmaq düzgün yanaşma deyil. Bununla yanaşı, iştahasızlığın davamlı olması, çəki itkisi və ya inkişaf geriliyi ilə müşayiət olunması mütləq araşdırılmalıdır”, - pediatr əlavə edib.
Pediatrın sözlərinə görə,valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağı daha çox yeməyə məcbur etməyə çalışmalarıdır:
“Bu dövrdə böyük porsiyalar əvəzinə kiçik porsiyalar təqdim edilməli, enerji və qida dəyəri yüksək yeməklərə üstünlük verilməli, zülal, sağlam yağlar, vitamin və minerallarla zəngin rasion təmin edilməli və uşağın gündəlik maye ehtiyacı qarşılanmalıdır.
Kiçik porsiyalar uşaqlar tərəfindən daha rahat qəbul edilir və yemək vaxtının stress mənbəyinə çevrilməsinin qarşısını alır. Beynəlxalq pediatrik qidalanma tövsiyələrində də vurğulanır ki, sağlam uşaqlarda məqsəd boşqabı bitirmək deyil, yaşa uyğun balanslı qidalanmanı davam etdirməkdir”.
Yay aylarında iştahasızlıq dövründə uşağı yeməyə məcbur etmək, cəzalandırmaq, hədələmək və ya yeməyi mükafat vasitəsinə çevirmək tövsiyə edilmir
Həkim bildirib ki, valideynlər bəzən narahatlıqdan uşağın boşqabını mütləq bitirməsini istəyir, hər qaşıqdan sonra israr edir və ya "bir qaşıq da mənim üçün ye" kimi ifadələrdən istifadə edirlər. Bu yanaşma qısa müddətdə uşağın bir qədər artıq yeməsinə səbəb ola bilər, lakin uzunmüddətli perspektivdə əks təsir göstərə bilər.
İsti havalarda ən uyğun qidalanma prinsipi az və tez-tez qidalanmadır
“İştahanın zəiflədiyi günlərdə uşağın bir dəfəyə böyük porsiya yeməsini gözləmək əvəzinə, daha kiçik həcmdə, lakin qida dəyəri yüksək yeməklər təqdim etmək daha məqsədəuyğundur.
Valideynlərə tövsiyə olunur ki, gün ərzində 3 əsas və 2–3 ara öyün planlaşdırsınlar. Yeməkləri günün daha sərin saatlarında təqdim etmək lazımdır. Eyni zamanda səhər yeməyinə xüsusi diqqət yetirmək, axşam yeməyini çox gecikdirməmək və böyük porsiyalar əvəzinə kiçik porsiyalar hazırlamaq tövsiyə olunur.
Yay aylarında bu qidalara üstünlük verilməlidir
Pediatr qeyd edib ki, yay aylarında məqsəd uşağın daha çox yeməsi deyil, qəbul etdiyi qidanın qida dəyərinin yüksək olmasıdır. Yay aylarında əsasən bu qidalara üstünlük verilməlidir:
“Süd və süd məhsulları - Qatıq, ayran və kefir həm yüksək keyfiyyətli zülal, həm kalsium, həm də maye mənbəyidir. İsti havalarda bu məhsullar uşaqlar tərəfindən adətən daha rahat qəbul olunur. Qatığa yaşa uyğun olaraq şaftalı, ərik, banan, giləmeyvə və ya yulaf əlavə etməklə onun enerji və qida dəyərini artırmaq mümkündür.
Mövsümi meyvələr - Qarpız, yemiş, şaftalı, ərik, gavalı və digər mövsümi meyvələr yüksək su tərkibinə malikdir. Onlar maye qəbulunu artırmağa kömək edir, vitamin və minerallarla zəngindir, və lif mənbəyidirlər. Lakin meyvə şirəsi əvəzinə bütöv meyvəyə üstünlük verilməsi tövsiyə olunur. Bütöv meyvə daha çox lif ehtiva edir və qan şəkərinin daha sabit qalmasına kömək edir.
Zülal mənbələri - Yumurta, toyuq əti, balıq, yağsız ət, pendir və paxlalılar yay aylarında da uşağın rasionunda mütləq yer almalıdır. Qidaların sobada, buxarda və qaynadılmış şəkildə hazırlanması qızardılmış yeməklərlə müqayisədə daha məqsədəuyğundur.
Taxıllar və tərəvəzlər -Yulaf, bulqur, qarabaşaq, düyü, tam buğda makaronu və tam taxıllı çörək balanslı qidalanmanın vacib tərkib hissəsidir. Bunlarla yanaşı, pomidor, xiyar, bibər, kahı və müxtəlif göyərtilər kimi mövsümi tərəvəzlərin də hər gün uşağın rasionunda yer alması tövsiyə olunur”.
Pediatr Nərmin Əzizovanın sözlərinə görə, yay aylarında yeməklə yanaşı normal maye qəbulu da vacibdir:
“İsti hava şəraitində tərləmə nəticəsində uşaqlarda maye itkisi artır. Xüsusilə körpələr və azyaşlı uşaqlar susuzluq hissini böyüklər qədər yaxşı ifadə edə bilmədikləri üçün onların gün ərzində kifayət qədər maye qəbul etməsi xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Pediatriya Akademiyası (APA) isti hava şəraitində uşaqlara mütəmadi olaraq su təklif edilməsini, susama hissinin yaranmasının gözlənilməməsini tövsiyə edir. Xüsusilə açıq havada oyun oynayan və ya idmanla məşğul olan uşaqlarda maye qəbulu daha da artırılmalıdır.
Yayda bu qidalardan uzaq durmaq lazımdır
Həkim bildirib ki,yay aylarında qazlı və şəkərli içkilər, paketlənmiş meyvə şirələri, enerji içkiləri, çips və digər duzlu qəlyanaltılar, şokolad və müxtəlif şirniyyatlar, peçenye, vafli, fast-food məhsulları, eləcə də çox yağlı və qızardılmış yeməklərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Bu məhsullar uşağın mədəsini tez doldursa da, orqanizmin ehtiyac duyduğu vitamin, mineral və digər faydalı qida maddələri ilə zəngin deyillər. Bundan əlavə, yeməkdən əvvəl qəbul edildikdə əsas yeməyə olan iştahası da azalda bilərlər.
“Bir pediatr olaraq qeyd etmək istərdim ki, bu tövsiyələr yalnız yay aylarına aid deyil. Sadalanan məhsulların qəbulu uşaqların sağlam qidalanması üçün ilin bütün fəsillərində mümkün qədər məhdudlaşdırılmalıdır. Onların əvəzinə təbii və qida dəyəri yüksək məhsullara üstünlük verilməsi uşağın sağlam böyümə və inkişafı üçün daha faydalıdır”.
Yay aylarında qida zəhərlənmələri və bağırsaq infeksiyaları riski artır
Həkim qeyd edib ki, yayda qida təhlükəsizliyi xüsusilə vacibdir. Onun sözlərinə görə, yüksək temperatur bakteriyaların qidalarda daha sürətlə çoxalmasına şərait yaradır. Buna görə də yay aylarında qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyalarının riski artır:
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 600 milyona yaxın insan qida mənşəli xəstəliklərə yoluxur, 420 min nəfər isə bu səbəbdən həyatını itirir. Bu xəstəliklərin yükünün təxminən 40%-i beş yaşdan kiçik uşaqların payına düşür.
Bu səbəbdən yay aylarında qida təhlükəsizliyi qaydalarına əməl etmək xüsusilə vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz qidalanma üçün beş əsas qaydanı tövsiyə edir:
Təmizliyə riayət edin. Çiy və bişmiş qidaları ayrı saxlayın. Qidaları tam bişirin. Qidaları təhlükəsiz temperaturda saxlayın. Təmiz su və təhlükəsiz xammaldan istifadə edinƏlavə olaraq fikrimizcə, valideynlər aşağıdakı məqamlara da diqqət etməlidirlər:
kremli tortlar, şirniyyatlar və mayonezli salatlar otaq temperaturunda uzun müddət saxlanılmamalıdır; bişmiş ət, toyuq və balıq soyuducuda saxlanılmalı, mümkün olduqda 24 saat ərzində istehlak edilməlidir; süd və süd məhsullarının saxlanması zamanı soyuq zəncir qorunmalıdır; dondurulmuş məhsullar alış-veriş zamanı əriməməli, evə çatdırıldıqdan dərhal sonra dondurucuya yerləşdirilməlidir; doğranılmış meyvələr, o cümlədən qarpız və yemiş otaq temperaturunda uzun müddət saxlanılmamalı, kəsildikdən sonra soyuducuda saxlanılmalı və mümkün qədər qısa müddətdə istehlak edilməlidir; açıq havada satılan və saxlanma şəraiti məlum olmayan qidalar uşaqlara verilməməlidir; meyvə və tərəvəzlər istifadədən əvvəl axar su altında yaxşı yuyulmalıdır.Yay aylarında iştahanın azalmasına görə özbaşına sirop və vitamin komplekslərindən istifadə etmək olmaz
Həkim vurğulayıb ki, valideynlər bəzən iştahasızlıq zamanı müxtəlif iştaha açıcı siroplara və ya vitamin komplekslərinə müraciət edirlər. Lakin sağlam uşaqlarda bu preparatların rutin istifadəsini dəstəkləyən kifayət qədər elmi sübut yoxdur.
Əgər uşaqda dəmir çatışmazlığı, sink çatışmazlığı və ya digər qida maddələrinin çatışmazlığı aşkarlanıbsa, həmin vəziyyət həkim tərəfindən müalicə olunmalıdır. Lakin yalnız yay aylarında iştahanın azalmasına görə özbaşına preparat istifadəsi tövsiyə edilmir
Uşaqda iştahasızlıq varsa, bu hallarda həkimə müraciət edilməlidir
Nərmin Əzizova qeyd edib ki, iştahasızlıq 2–3 həftədən uzun davam edərsə, uşaq çəki itirərsə və ya boy artımı zəifləyərsə, maye qəbulundan da imtina edərsə, davamlı qusma və ya ishal olarsa, yüksək hərarət müşahidə olunarsa, ifadə olunmuş halsızlıq yaranarsa, qarın ağrısı, udma çətinliyi və ya ağızda yaralar olarsa, sidik ifrazı azalarsa və yemək zamanı tez-tez boğulma və ya öskürmə baş verərsə mütləq həkimə müraciət edilməlidir.


