Bakı. Trend:
ABŞ administrasiyası hesab edir ki, KİV-lərin ölkənin hava hücumundan müdafiə (HHM) raket ehtiyatlarına dair yenilənmiş məlumatları dərc etməsi milli təhlükəsizlik üçün təhdid yarada bilər. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
Ağ Ev nəşrə bildirib ki, "əgər xəbər təşkilatları Patriot və THAAD sistemləri üçün raketlərin sərfiyyatına dair yenilənmiş rəqəmləri açıqlasalar, bu, ABŞ-nin milli təhlükəsizliyini təhlükə altına qoya bilər".
İyulun 25-də The New York Times qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Patriot kompleksləri üçün raket-kəsicilərin və Yaxın Şərqdə yerləşdirilən digər HHM sistemləri üçün sursat ehtiyatlarının daha da tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salmaq qərarına gəlib.
Məlumata görə, iyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn komandanlığın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə biləcəyini, lakin bu halda raket-kəsicilərin ehtiyatının təhlükəli dərəcədə aşağı səviyyəyə enəcəyini bildirib.
Donald Tramp isə iyulun 26-da The Wall Street Journal qəzetinə verdiyi açıqlamada bu məlumatı təkzib edərək, ABŞ ordusunun ehtiyac duyduğundan "qat-qat çox" sursata malik olduğunu deyib.
ABŞ ilə İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. Həmin gün Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını bəyan edib.
Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 24-də tərəflər qarşılıqlı zərbələri dayandırıblar.