Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinin səbəblərindən birinin sursat, o cümlədən hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olması barədə xəbərləri təkzib edib.
Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
"Bizim dünyada hər kəsdən daha çox sursatımız var və ehtiyacımız olandan da qat-qat artıqdır", – deyə Tramp bu məlumatları şərh edərkən nəşrə bildirib.
İyulun 25-də The New York Times qəzeti mənbələrə istinadən yazmışdı ki, ABŞ Prezidenti İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini ABŞ-nin Patriot HHM sistemləri üçün raket-kəsicilərinin və Yaxın Şərqdə yerləşdirilmiş digər hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının daha da azalmasının qarşısını almaq məqsədilə təxirə salıb.
Məlumata görə, iyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, komandanlıq İrana qarşı irimiqyaslı hərbi əməliyyatları bərpa edə bilər, lakin bu halda raket-kəsicilərin ehtiyatı təhlükəli dərəcədə aşağı səviyyəyə enəcək.
ABŞ ilə İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 24-də tərəflər qarşılıqlı zərbələrin dayandırıldığını elan ediblər.