Bakı. Trend:
İngiltərənin "Arsenal" klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisiusun transferini reallaşdırmaq üçün ona klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır.
Bu barədə The Telegraph qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda futbolçu həftədə 400 min funt sterlinq qazanır və London klubu bu şərtləri daha da yaxşılaşdırmağa hazırdır.
Hazırda "Arsenal" tarixində ən yüksək maaşı fevral ayında müqaviləsini uzadan ingiltərəli hücumçu Bukayo Saka alır. Mənbənin məlumatına əsasən, onun həftəlik əməkhaqqı 365 min funt sterlinq təşkil edir.
26 yaşlı Vinisius 2018-ci ilin yayında Madridin "Real" klubuna transfer olunub. Onun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.
Braziliyalı futbolçu Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
"Real"ın heyətində Vinisius üç dəfə İspaniya çempionu və İspaniya Superkubokunun qalibi olub. O, iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. Bundan başqa, bir dəfə İspaniya Kubokunun və Qitələrarası Kubokun sahibi olub.
Ötən mövsüm "Arsenal" 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.