Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi planını hələlik təxirə salıb. Buna səbəb davam edən əməliyyatlar fonunda “Patriot” hava hücumundan müdafiə sistemləri və Yaxın Şərqdə yerləşdirilmiş digər müdafiə vasitələri üçün raket ehtiyatlarının kritik həddə yaxınlaşması ilə bağlı narahatlıq olub.
Bu barədə The New York Times məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata əsasən, iyulun 24-də Tramp İranla bağlı vəziyyəti müzakirə etmək üçün əsas müşavirləri və yüksəkvəzifəli rəsmilərlə toplantı keçirib. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, Mərkəzi Komandanlıq (CENTCOM) İrana qarşı irimiqyaslı əməliyyatları yenidən başlada bilər. Lakin bu addım ABŞ-ın raket əleyhinə sursat ehtiyatlarının təhlükəli səviyyəyə enməsi ilə nəticələnə bilər.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Trampın yaxın ətrafında münaqişənin daha da genişləndirilməsini dəstəkləyənlərin sayı məhduddur.
Adı açıqlanmayan ABŞ rəsmisi hesab edir ki, genişmiqyaslı zərbələr İranı danışıqlar masasına qaytarmayacaq, əksinə, ölkə daxilində həmrəyliyi daha da gücləndirəcək.
Nəşrin yazdığına görə, Ağ Ev administrasiyası müharibənin genişlənməsinin Körfəz regionundakı müttəfiqlərlə münasibətlərə mənfi təsir göstərə, həmçinin enerji və miqrasiya böhranını daha da dərinləşdirə biləcəyindən ehtiyat edir.