Çolpon-Ata.Trend:
Hazırda ziyarətçilərin salbuurun ənənələri və köçəri mədəniyyəti ilə tanış olduğu Kırçın yaylağı çox yaxın zamanda ilin ən möhtəşəm beynəlxalq tədbirinin mərkəzinə çevriləcək. Məhz burada avqustun 31-dən sentyabrın 6-dək VI Dünya Köçəri Oyunlarının əsas yarışları keçiriləcək. Yarışlarda dünyanın onlarla ölkəsindən idmançılar iştirak edəcəklər.
Azərbaycan KİV nümayəndələrinin Qırğızıstana media-turu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlama verən Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin müavini, "Kırçın" məkanının qərargah rəisi Askaralı Madaminov bildirib ki, məhz bu yaylaq oyunların əsas məkanına çevriləcək.
"Dünya Köçəri Oyunları çərçivəsində bir neçə yarış məkanı nəzərdə tutulub. Lakin onların arasında əsas məkan Kırçın yaylağıdır. Hazırda burada etnoşəhərciyin tikintisi sürətlə davam edir", – deyə o bildirib.
Onun sözlərinə görə, qonaqları yalnız idman proqramı gözləmir. Ərazidə tematik zonalar, etnofudkort və etnorestoranlar fəaliyyət göstərəcək. Burada Qırğızıstanın ən yaxşı iaşə obyektləri milli mətbəx nümunələrini təqdim edəcək. Bundan əlavə, xalq sənətkarları və ustalarının dekorativ-tətbiqi sənət nümunələri, eləcə də Dünya Köçəri Oyunlarına həsr olunmuş suvenirlərin nümayiş olunduğu xüsusi meydançalar təşkil ediləcək.
"Əsas tikinti işləri avqustun əvvəlində başa çatdırılmalıdır . Ən çətin mərhələlər artıq geridə qalıb. Hazırda son tamamlama işləri, dekorasiyaların quraşdırılması və son toxunuşlar həyata keçirilir", – deyə Madaminov qeyd edib.
O vurğulayıb ki, Kırçının əsas məkan kimi seçilməsi təsadüfi deyil.
"Bu məkan hələ 2014-cü ildə keçirilən ilk Dünya Köçəri Oyunları üçün seçilmişdi. Kırçın böyük tarixi əhəmiyyətə malikdir. Qədim dövrlərdə burada əcdadlarımız, eləcə də eramızdan əvvəl yaşamış sak döyüşçüləri və sərkərdələri məskunlaşıblar", – deyə nazir müavini bildirib.
Madaminovun sözlərinə görə, Dünya Köçəri Oyunlarının əsas missiyası Olimpiya proqramına daxil edilməyən ənənəvi idman növlərini qorumaq və dünyada tanıtmaqdır.
"İlk üç Dünya Köçəri Oyunları Qırğızıstanda keçirilib. Üçüncü Oyunlardan sonra idman və mədəniyyət sahəsində çalışan çoxsaylı ekspert və alimlər layihənin miqyasına və ideyasına heyran qaldılar. Bəziləri hətta Köçəri Oyunlarını Olimpiya Oyunlarına alternativ adlandırırdı. Layihənin əsas məqsədi dünyanın müxtəlif xalqlarına məxsus, zamanla unudulmuş ənənəvi idman növlərini yenidən dirçəltmək və onları dünyaya tanıtmaqdır. Buraya milli güləş növləri, atüstü yarışlar, ənənəvi oyunlar və köçəri xalqların mədəni irsinin digər elementləri daxildir", – deyə o bildirib.
Azərbaycanın iştirakı ilə bağlı danışan Madaminov qeyd edib ki, hələlik ölkənin rəsmi sifarişi ilə bağlı yenilənmiş məlumata malik deyil. Bununla belə, o, azərbaycanlı idmançıların yarışlarda iştirak edəcəyinə əmin olduğunu bildirib.
"Xüsusilə qeyd etmək istəyirəm ki, Dünya Köçəri Oyunlarının proqramına müxtəlif ölkələrin milli güləş növləri, o cümlədən Azərbaycanın milli güləşi, eləcə də Qazaxıstanın milli güləşi daxildir. Bu növlər Oyunların əsas idman proqramının tərkib hissəsidir", – deyə o vurğulayıb.






