Bakı. Trend:
İranın “Kolang” dağında nüvə fəaliyyəti yoxdur.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İranın nüvə fəaliyyətləri qorunma öhdəliklərinə əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə elan olunub. ABŞ-nin diqqətini heç bir nüvə fəaliyyəti olmayan “Kolang” dağına yönəltməsi dağıdıcılıqdan başqa bir şey deyil”, - deyə o bildirib.
Bəqai əlavə edib ki, ABŞ-nin İranın dincməqsədli nüvə obyektlərinə dəfələrlə hücumları BMT Nizamnaməasi, beynəlxalq hüquq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qətnamələri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.
Bəqai bildirib ki, İran bütün hücumlara baxmayaraq ölkənin suverenliyi və təhlükəsizliyini müdafiə edir. Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.