Bakı. Trend:
2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçiminə başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, valideynlər məktəb seçimini mektebeqebul.edu.az portalı üzərindən həyata keçirə bilərlər.
“Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək”, - MÜTDA-nın Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb. Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni 2026-cı ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Xatırladaq ki, Azərbaycan bölməsi üzrə Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə məktəb seçimi iyulun 21-də saat 11:00-da, Bakı şəhəri üzrə isə həmin gün saat 15:00-da başlayıb.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. MÜTDA-nın rəsmi saytındakı məlumatlara görə, 06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. MÜTDA-nın son məlumatlarına görə isə 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 115 min nəfərdən çox uşağın birinci sinfə qəbulu tamamlanıb.