Bakı.Trend:
Yəmənin müdafiə naziri Tahir əl-Ukayli ordusunun "Ənsar Allah" (husilər) hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa hazır olduğunu bəyan edib.
Bu barədə "Al Jazeera" telekanalı ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Müdafiə nazirinin sözlərinə görə, Yəmən ordusu "ən yüksək döyüş hazırlığı və mənəvi ruh yüksəkliyi" səviyyəsindədir və "azadlıq uğrunda müharibə"yə başlayaraq husilərin hakimiyyətinə son qoymağa hazırdır.
Əl-Ukayli husilərin nəzarətində olan ərazilərin sakinlərinə də müraciət edərək onları üsyançıların sıralarına qoşulmamağa çağırıb. O bildirib ki, "Ənsar Allah" hərəkatı üçün bu münaqişə "əvvəlcədən uduzulmuş müharibə" olacaq.
“Al Jazeera” qeyd edir ki, artıq Yəmənin bir sıra bölgələrində hökumət qüvvələri ilə husilər arasında silahlı toqquşmalar yenidən başlayıb ki, bu da münaqişənin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.