Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq-doldurma təyyarəsi Fars körfəzi üzərindən uçan vaxt İranın hava məkanı yaxınlığında 7700 – qəza siqnalı göndərib.
Bu barədə informasiyanı “Fars” agentliyi yayıb.
Məlumata görə, ABŞ-yə məxsus yanacaq-doldurma təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin Əd-Dəfra hava bazasından qalxıb.
Digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.