Bakı. Trend:
Azərbaycanda satınalan təşkilat tərəfindən icra və ya avans təminatının təqdim edilməsinin mümkün olmadığı müəyyənləşdirilən qeyri-rezident hüquqi və fiziki şəxslərin bu öhdəlikdən azad olunmasına dair hüquqi mexanizm yaradılacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklikliklərdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Belə ki, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.
Dəyişikliklə satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.
Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.