Bakı. Trend:
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) dövlət və hökumət başçıları iyulun 19-da Fritaun şəhərində keçirilən növbəti sammitdə Nigeriyanı Mərakeşlə birləşdirəcək qaz kəmərinin tikintisini nəzərdə tutan hökumətlərarası sazişi imzalayıblar.
Təxminən 6 min kilometr uzunluğunda olacaq qaz kəmərinin Atlantik okeanı sahili boyunca yerləşən 13 Afrika ölkəsindən keçərək milyardlarla kubmetr Nigeriya qazını Mərakeşə nəql etməsi planlaşdırılır. Daha sonra bu kəmərin Məğrib–Avropa (GME) qaz kəmərinə qoşulması nəzərdə tutulur.
ECOWAS-a sədrlik edən Sierra Leone Prezidenti Julius Maada Bio çıxışı zamanı bildirib: "Biz Qərbi Afrika–Mərakeş qaz kəməri ilə bağlı sazişi imzaladıq. Qaz sizin ölkələrinizə çatanda təəccüblənməyin".
Layihə Qərbi Afrikanın qaz ehtiyatlarını regionun əsas istehlak mərkəzləri ilə əlaqələndirməyi, Afrika enerji bazarlarının inteqrasiyasını gücləndirməyi və Qərbi Afrika, Sahel ölkələri, Mərakeş və Avropanı birləşdirən yeni inkişaf dəhlizi yaratmağı hədəfləyir.
Bu barədə Mərakeşin Milli Karbohidrogenlər və Mədənlər İdarəsi (ONHYM) ilə Nigeriyanın Milli Neft Şirkətinin (NNPC) birgə bəyanatında bildirilib.
Bəyanata əsasən, Fritaun sammitində əldə olunan razılaşma layihənin növbəti mərhələsinə keçid üçün mühüm addımdır. Növbəti mərhələdə baş ofisi Mərakeşin Kasablanka şəhərində yerləşəcək layihə şirkətinin və mənzil-qərargahı Nigeriyanın paytaxtı Abuja şəhərində olacaq qaz kəmərinin idarəetmə qurumunun yaradılması, investorların cəlb edilməsi və yekun investisiya qərarının hazırlanması nəzərdə tutulur.
ONHYM-dəki mənbənin məlumatına görə, tikinti işlərinə 2028-ci ildə başlanması, ilk qaz tədarükünün isə 2031-ci ildə həyata keçirilməsi planlaşdırılır.
ONHYM-in baş direktoru Amina Benxadra bildirib ki, layihə uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, sənayeləşmənin sürətləndirilməsinə, Afrikanın təbii resurslarından daha səmərəli istifadəyə və ortaq rifahın təşviqinə töhfə verəcək.
Layihə ideyası ilk dəfə 2016-cı ildə Mərakeş Kralı VI Məhəmmədin Abuja səfəri zamanı irəli sürülmüşdü. Məqsəd Afrika ölkələri ilə iqtisadi və enerji əməkdaşlığını genişləndirmək idi.
Layihənin yenidən gündəmə gəlməsinə Əlcəzairin 2022-ci ildə Mərakeşlə diplomatik münasibətləri kəsməsindən sonra İspaniyaya Mərakeş üzərindən qaz nəql edən Məğrib–Avropa qaz kəməri üzrə müqaviləyə xitam verməsi də təsir göstərib.
Nigeriya–Mərakeş qaz kəməri layihəsi həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra dünya enerji bazarlarında karbohidrogen qiymətlərinin kəskin artdığı geosiyasi şəraitdə xüsusi əhəmiyyət qazanıb. Layihənin ümumi dəyərinin təxminən 23 milyard avro olacağı qiymətləndirilir.