Bakı. Trend:
Perunun And dağları bölgəsində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı altı nəfər ölüb. Hadisə nəticəsində 30-dan çox insan xəsarət alıb, 300 nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə ölkənin Baş naziri Luis Arroyo Sançez bildirib.
Zəlzələ şənbə günü yerli vaxtla saat 21:24-də qeydə alınıb. Episentri ölkənin mərkəzi hissəsindəki Junin departamentinin Çupaka şəhərindən 7 kilometr cənubda yerləşib, ocağı isə 10 kilometr dərinlikdə olub.
Perunun Milli Mülki Müdafiə İnstitutu itkin düşənlərin dəqiq sayının hələ müəyyən edilmədiyini açıqlayıb. Zəlzələ nəticəsində bir neçə bina tamamilə dağılıb və ya ciddi struktur zədələri alıb.
Yerli Mülki Müdafiə İdarəsinin rəhbəri Luis Vaskes jurnalistlərə bildirib ki, And dağları bölgəsində tikintidə istifadə olunan ənənəvi gil-kərpic materialları dağıntıların miqyasının və ziyanın daha böyük olmasına səbəb olub.
Peru Sakit okeanın seysmik cəhətdən ən fəal zonalarından biri olan "Alov halqası"nda yerləşdiyi üçün ölkədə zəlzələlər tez-tez baş verir.