Bakı. Trend:
İyulun 18-də Braziliya Ali Məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin Braziliyanın sabiq prezidenti Jair Bolsonarunu ziyarət etməsinə icazə verməyib.
Bu barədə məhkəmənin qərarında bildirilir.
Braziliya KİV-in məlumatına görə, Xavyer Miley iyulun 25-də San-Pauluda Jair Bolsonaronun Liberal Partiyasının qurultayında iştirak edəcəyini açıqlamışdı. Tədbirdə sabiq dövlət başçısının oğlu, senator Flavio Bolsonaronun namizədliyinin rəsmi elan olunması nəzərdə tutulur.
Lakin hakim Aleksandre de Moraes Jair Bolsonaroya 30 gün müddətinə bütün ziyarətləri qadağan edib. Qadağa yalnız həkimlərin, fizioterapevtlərin və vəkillərinin ziyarətlərinə şamil edilmir.
Jair Bolsonaronun vəkilləri Xavyer Mileyin iyulun 25-də Argentina xarici işlər naziri Pablo Quirno, Prezident Administrasiyasının baş katibi Karina Miley və tərcüməçi ilə birlikdə sabiq prezidenti ziyarət etməsinə icazə verilməsini xahiş etmişdilər. Lakin hakim Moraes iyulun 18-də bildirib ki, əvvəlki gündən qüvvəyə minmiş ümumi ziyarət qadağası səbəbindən bu müraciət artıq aktuallığını itirib.
71 yaşlı Jair Bolsonaro 2022-ci ildə hazırkı solçu prezident Luiz İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə dövlət çevrilişi hazırlamaqda təqsirli bilinərək 27 il azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar bu ilin mart ayından etibarən cəzasını Braziliyadakı evində çəkir.
Oktyabr seçkilərində prezident Luiz İnasiu Lula da Silvaya rəqib olacaq Flavio Bolsonaro isə X sosial şəbəkəsində yayımladığı videoda bu qərarı "səlahiyyət həddinin aşılması" adlandırıb və hakimi siyasi motivlərlə hərəkət etməkdə ittiham edib.