Bakı.Trend:
Azərbaycanda altı ay ərzində istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 13,389 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Bu dövrdə İES-lərdə 10 594,9 mln. kVt·st, SES-lərdə 1 891,7 mln. kVt·st, digər mənbələr üzrə isə 902 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 475,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 282,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 31,2 milyon kilovat-saat, külək elektrik stansiyalarında isə 454,7 milyon kilovat-saat artıb.
"Ümumilikdə, su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə altı ay ərzində elektrik enerjisi istehsalı 463,1 milyon kilovat-saat artaraq 2,794 milyard kilovat-saata çatıb", – məlumatda qeyd olunub.
Bildirilib ki, hesabat dövründə "Azərenerji" ASC 11,479 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bunun 9,569 milyard kilovat-saatı istilik elektrik stansiyalarında, 1,883 milyard kilovat-saatı su elektrik stansiyalarında, 27,4 milyon kilovat-saatı isə günəş elektrik stansiyalarında istehsal olunub.
"Azərişıq" ASC isə yanvar-iyun aylarında külək elektrik stansiyalarında 14 milyon kilovat-saat elektrik enerjisi istehsal edib, müstəqil elektrik stansiyalarında isə 1,895 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Altı ay ərzində elektrik enerjisinin ixracı 241,2 milyon kilovat-saat, idxalı isə 113,1 milyon kilovat-saat təşkil edib", – Energetika Nazirliyinin məlumatında vurğulanıb.
Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, ölkə bərpa olunan enerji mənbələrinin ixraci istiqamətində işləri fəal şəkildə davam etdirir.
O bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə bir çox hallarda hazırda müəyyən fəaliyyət növləri üçün istifadə olunan ənənəvi enerji növlərini sərbəstləşdirməyə imkan verir:
“Bu resurslar sərbəstləşdikdən sonra bazarda onlara müəyyən tələbat yaranır. Bir sıra hallarda onların qiyməti kifayət qədər yüksək olur ki, bu da ölkə iqtisadiyyatına xüsusi dəyər qata bilir. Bu baxımdan, bizim əsas fəaliyyətimiz həmin o sərbəstləşən ənənəvi enerji resurslarının həcmini artırmağa yönəlib. Bərpa olunan enerji mənbələri sahəsindəki stansiyalar kifayət qədər böyük həcmdə qaz ehtiyatlarının sərbəstləşməsinə imkan verir. Sonradan onlar Avropa bazarına ixrac oluna bilər.
Hədəfimiz bəllidir: 2030-cu ilədək bərpa olunan enerji mənəbələrinin payını qoyuluş gücündə 30%-ə çatdırmaq. Lakin ilkin hesablamalar göstərir ki, biz bu hədəfə 2027-2028-ci illərdə belə nail ola bilərik. Təbii ki, 2030-cu ilədək bu göstərici bir qədər də yüksələcək",-deyə o bildirib.

