Bakı.Trend:
IV Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələri ilə açıq dialoq, qlobal çağırışlar ətrafında fikir mübadiləsi və jurnalistikanın gələcəyinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın "PakTVGlobal" telekanalına forum çərçivəsində verdiyi müsahibədə deyib.
H.Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü dörd il əvvəl Prezident İlham Əliyev tərəfindən Şuşanın intellektual və mədəni dialoq mərkəzi kimi tarixi rolunun bərpası məqsədilə irəli sürülüb.
"Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü dörd il əvvəl Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məqsəd Şuşanın Cənubi Qafqazda və regiondan kənarda əvvəlki mədəni və intellektual rolunu bərpa etmək idi. Şuşada alimlər, akademiklər, jurnalistlər, filosoflar və şairlər müxtəlif intellektual ideyalar üzərində işləmək və şəhərin əvvəlki ruhunu yenidən canlandırmaq üçün bir araya gəlirlər", – deyə H.Hacıyev bildirib.
O qeyd edib ki, forumun digər mühüm məqsədlərindən biri də Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq, informasiya kampaniyaları və media məkanında həyata keçirilən hücumlarla bağlı çağırışlara qarşı mübarizə aparmaqdır.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan da qardaş Pakistan kimi beynəlxalq informasiya məkanında təzyiqlərlə üzləşir. Buna görə də dünya mediası ilə birbaşa kommunikasiya təmin etmək xüsusi əhəmiyyət daşıyır.
"Şuşa Forumunun funksiyalarından biri də bu hücumlara qarşı mübarizə aparmaq və həqiqətləri dünyaya çatdırmaqdır. Bu, xüsusilə Azərbaycanın işğal altında olan ərazilərini azad etməsindən sonra daha da aktuallaşıb. Biz dünya ilə açıq danışırıq. Bu, Prezident İlham Əliyevin beynəlxalq media ilə birbaşa ünsiyyətidir", – deyə o vurğulayıb.
H.Hacıyev bildirib ki, forumun formatı müxtəlif ölkələrdən olan jurnalistlərə sərbəst şəkildə suallar verməyə və Azərbaycan Prezidentindən birbaşa cavab almağa imkan yaradır.
"Burada sualların sayına heç bir məhdudiyyət yoxdur. İstənilən jurnalist zəruri hesab etdiyi istənilən sualı verə bilər. Bu forumda da Azərbaycan Prezidenti dünyanın müxtəlif guşələrindən olan media nümayəndələrinin suallarını cavablandırdı", – deyə o əlavə edib.
Prezidentin köməkçisi qeyd edib ki, Prezident İlham Əliyevin forumda iştirakı Azərbaycanın açıq dialoq və şəffaf kommunikasiya siyasətini əks etdirir.
"Orada heç bir məhdudiyyət və ya senzura yox idi. Hər kəs istədiyi sualı verə bilərdi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi olmaqdan qürur duyuram. Biz hər gün onun müdrikliyindən öyrənirik. Prezidentin mediaya yanaşması bunun bariz nümunələrindən biridir. Dövlət başçısı iqtisadiyyat, xarici siyasət, sosial sahə və hərbi istiqamətdə də eyni yanaşmanı nümayiş etdirir", – deyə H.Hacıyev bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevin jurnalistlərlə ünsiyyəti ənənəvi kommunikasiya çərçivəsini aşır.
"Azərbaycan Prezidentinin son forum çərçivəsində suallara verdiyi cavablar sadəcə kommunikasiya deyildi – bu, beynəlxalq media ilə əsl dialoq idi", – deyə H.Hacıyev qeyd edib.
Şuşa Qlobal Media Forumunun intellektual mahiyyətindən danışan H.Hacıyev vurğulayıb ki, media mühiti süni intellekt, sosial şəbəkələr və digər texnoloji proseslərin təsiri ilə sürətlə dəyişir.
"Şuşa Forumu həm də intellektual dialoq platformasıdır. Media dinamik şəkildə dəyişir. Süni intellekt, sosial şəbəkələr və ümumilikdə media sistemi inkişaf edir. Hamımız dezinformasiya ilə üz-üzəyik. Buna görə də bir-birimizdən öyrənməli, təcrübə mübadiləsi aparmalı və təkliflər irəli sürməliyik. Bu da Şuşa Forumunun əsas məqsədlərindən biridir", – deyə o bildirib.
Azərbaycan-Pakistan münasibətlərinə toxunan H.Hacıyev ikitərəfli əlaqələri dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq kimi qiymətləndirib.
"Pakistan və Azərbaycanı qardaşlıq münasibətləri birləşdirir və biz strateji tərəfdaşıq. Mən həmçinin Baş nazir Şahbaz Şərif, feldmarşal Asim Munir və Prezident İlham Əliyev arasında mövcud olan dostluğun və dərin qarşılıqlı hörmətin şahidi olmuşam", – deyə o bildirib.
O qeyd edib ki, Pakistanın Azərbaycanın işğal dövründə göstərdiyi dəstək Azərbaycan dövləti və xalqı üçün olduqca qiymətlidir.
"Azərbaycan torpaqları işğal altında olduğu dövrdə qardaş Pakistan Azərbaycana öz dəstəyini nümayiş etdirdi. Pakistan işğalçı tərəflə diplomatik münasibətlər qurmadı və Ermənistanı təcavüzkar dövlət kimi tanıdı. Bu, təkcə Azərbaycan dövlətinin deyil, xalqımızın da yaddaşında qalıb və biz bunu hər zaman xatırlayacaq, yüksək qiymətləndirəcəyik", – deyə H.Hacıyev bildirib.
Prezidentin köməkçisi Pakistanın regional və qlobal çağırışların həllində oynadığı rolu da yüksək qiymətləndirərək, İslamabadın Fars körfəzi regionunda ABŞ və İran arasında baş vermiş son qarşıdurma zamanı vasitəçilik səylərini xüsusi qeyd edib.
H.Hacıyevin sözlərinə görə, Pakistan strateji təmkin və diplomatik imkanlarını nümayiş etdirərək dialoq üçün platforma yaradıb və qarşıdurmanın dayandırılmasına töhfə verib.
"Pakistan güclü dövlət keyfiyyətlərini və strateji baxışını nümayiş etdirdi. Pakistanın dünya işlərində mühüm geostrateji əhəmiyyəti bir daha aydın şəkildə üzə çıxdı. Biz sizin qardaşlarınız olaraq buna çox sevinirik", – deyə o bildirib.
Bununla yanaşı, H.Hacıyev Azərbaycan ilə Pakistan arasında iqtisadi, ticarət, humanitar və mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
"Ölkələrimizin rəhbərliyi Azərbaycan ilə Pakistan arasında institusional əməkdaşlığın formalaşdırılması istiqamətində fəal işləyir. Lakin, əlbəttə ki, iqtisadi və ticarət əməkdaşlığı, humanitar və mədəni əlaqələr, eləcə də insanlar arasında təmaslar sahəsində hələ çox işlər görməliyik", – deyə o bildirib.
O qeyd edib ki, hər iki ölkə böyük iqtisadi potensiala və imkanlara malikdir, işgüzar dairələr arasında daha sıx əməkdaşlıq isə əsas prioritet istiqamətlərdən biri olaraq qalır.
Nümunə kimi H.Hacıyev Pakistan düyüsünün Azərbaycana tədarükünü göstərib. O bildirib ki, gömrük rüsumlarından azadolma da daxil olmaqla bir sıra zəruri tədbirlər görüldükdən sonra Pakistan məhsullarının Azərbaycan bazarında rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.
O, həmçinin iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdiyini, Azərbaycan və Pakistan arasında birbaşa aviareyslərin sayının artdığını diqqətə çatdırıb.
Помощник президента подчеркнул важность расширения сотрудничества между СМИ двух стран, отметив, что журналисты могут играть значимую роль в информировании обществ о культуре и бизнес-возможностях друг друга.
Prezidentin köməkçisi iki ölkənin KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, jurnalistlər xalqların bir-birinin mədəniyyəti və biznes imkanları barədə məlumatlandırılmasında mühüm rol oynaya bilərlər.