Bakı. Trend:
2026-cı il FİFA Dünya Çempionatı iyulun 19-da ABŞ-nin "New York New Jersey Stadium" arenasında keçiriləcək möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq. Mərasim yerli vaxtla saat 13:30-da (Bakı vaxtı ilə 21:30 - red.), final oyunundan 90 dəqiqə əvvəl başlayacaq.
FİFA rəsmi saytının məlumatına görə, mərasimdə dünya şöhrətli ifaçılar Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və İShowSpeed çıxış edəcək. Bundan əlavə, məşhur Hollivud aktyoru Tom Kruz xüsusi qonaq qismində tədbirdə iştirak edəcək.
FİFA Dünya Çempionatı 2026-nın final oyunu başlamazdan əvvəl "Emmy", "Grammy", "Oscar" və "Tony" mükafatlarının sahibi olan amerikalı müğənni Cennifer Hadson ABŞ-nin dövlət himnini səsləndirəcək.
Bağlanış mərasimi "Balich Wonder Studio" ilə yaradıcı əməkdaşlıq çərçivəsində hazırlanıb. Şou futbolun qlobal ruhunu, ehtirasını və emosiyalarını əks etdirəcək, həmçinin rekordlarla yadda qalan və bütün dünyada yeni nəslə ilham verən 23-cü FİFA Dünya Çempionatını simvolik şəkildə yekunlaşdıracaq. Yaxın günlərdə mərasimdə iştirak edəcək digər sənətçilər və xüsusi qonaqlar da açıqlanacaq.
"Kanada, Meksika və ABŞ-da keçirilən açılış mərasimlərinin ruhunu davam etdirən bağlanış mərasimi musiqi, mədəniyyət və futbol vasitəsilə Dünya Çempionatını möhtəşəm şəkildə yekunlaşdıracaq. Bundan sonra isə bu tarixi turnirin çempionunu müəyyən edəcək çoxdan gözlənilən final oyunu başlayacaq", - deyə DÇ-2026-nın əməliyyat direktoru Heymo Şirqi bildirib.
Tamaşaçıların da şounun bir hissəsi olacağı bildirilib. Azarkeşlərə stadiona erkən gəlmək tövsiyə olunur. Stadionun qapıları oyunun başlanmasına dörd saat qalmış açılacaq. Bu müddət ərzində müxtəlif əyləncə proqramları, xüsusi tədbirlər, hədiyyələr və final öncəsi şoular təşkil olunacaq.