Şuşa.Trend:
Asiyada dayanıqlı sülh və təhlükəsizliyə yalnız dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə nail olmaq mümkündür. Beynəlxalq media isə xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Çjan Lin IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
"Asiyanın təhlükəsizliyi və rifahı yalnız dialoq və əməkdaşlıq sayəsində təmin oluna bilər. Üzv dövlətlər arasında mövcud fikir ayrılıqlarına və bəzən mürəkkəb münasibətlərə baxmayaraq, biz qarşıdurma əvəzinə dialoqa, təcrid əvəzinə isə əməkdaşlığa üstünlük verməyə davam edirik. Məhz bu yanaşma etimadın möhkəmləndirilməsinə və uzunmüddətli tərəfdaşlıq üçün şərait yaradılmasına imkan verir", - deyə Çjan Lin bildirib.
Onun sözlərinə görə, Asiya ölkələrinin müxtəlifliyi maneə deyil, əksinə, regionun əsas üstünlüklərindən biridir.
"Biz Asiyanın rəngarəngliyini ən böyük üstünlüyümüz hesab edirik. İnsanlar arasında qarşılıqlı anlaşma olmadan davamlı sülh və dayanıqlı təhlükəsizliyi təmin etmək mümkün deyil. Məhz buna görə də beynəlxalq kütləvi informasiya vasitələri ələlxüsus bu gün son dərəcə mühüm rol oynayır", - deyə o qeyd edib.
Çjan Lin vurğulayıb ki, peşəkar və məsuliyyətli jurnalistika xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
"Ortaq dəyərlər, ümumi çağırışlar, mədəni irs və insan hekayələri barədə məlumat verməklə media insanların bir-birini daha yaxşı anlamasına kömək edir. İnsanlar ölkələri bir-birindən ayıran deyil, onları birləşdirən məqamları gördükdə etimad təbii şəkildə formalaşır. Etimadın olduğu yerdə isə əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaranır", - deyə AQEM baş katibinin müavini əlavə edib.