Şuşa.Trend:
Dezinformasiyaya qarşı effektiv mübarizə yalnız dövlətlərin, KİV-lərin, onlayn platformaların və cəmiyyətin birgə səyləri ilə mümkündür, peşəkar jurnalistika isə etimadın və sülhün möhkəmləndirilməsinin əsas aləti olaraq qalmalıdır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media prizmasından sülh quruculuğu və ictimai diskurs" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
"İnformasiya texnologiyalarının inkişafı ilə informasiyanın yayılması imkanları artıb, lakin eyni zamanda informasiya mühiti də daha mürəkkəb xarakter alıb. Mövcud qaydalara məhəl qoyulmaması ciddi nəticələrə - dezinformasiyanın yayılmasına, ictimai həyatın müxtəlif iştirakçıları arasında etimadın itirilməsinə, məsuliyyət hissinin zəifləməsinə və ən təhlükəlisi olan etimadın sarsılmasına, beynəlxalq münasibətlərin zəifləməsinə gətirib çıxarır. Dezinformasiyadan təkcə ictimai rəyi manipulyasiya etmək üçün deyil, həm də ölkələr və xalqlar arasında münaqişələri qızışdırmaq, dövlət daxilində nifrəti yaymaq və cəmiyyəti sabitsizləşdirmək məqsədilə istifadə olunur", - deyə İskakov bildirib.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizənin ən mühüm istiqamətlərindən biri rəqəmsal platformalarla sıx əməkdaşlıq və yayılan kontentin şəffaflığının artırılmasıdır.
"Biz onlayn platformalarla əməkdaşlığı son dərəcə vacib hesab edirik. Süni intellektdən istifadə olunmaqla yaradılan kontent mütləq şəkildə işarələnməlidir ki, istifadəçilər onun mənşəyini anlaya bilsinlər. Bu, mühüm qanunvericilik tədbiridir və Qazaxıstan artıq həm yalan məlumatların təkzibi, həm də dünyanın ən iri rəqəmsal platformaları ilə əməkdaşlıq sahəsində ciddi irəliləyiş əldə edib", - deyə o vurğulayıb.
İskakov qeyd edib ki, jurnalistikanın peşəkar standartlarına riayət olunması da, bu, az əhəmiyyət kəsb etmir.
"Dəqiqlik, obyektivlik, faktların yoxlanılması və müxtəlif baxışlara hörmət prinsiplərinə əsaslanan məsuliyyətli jurnalistika informasiya məkanında münaqişələrin eskalasiyasına qarşı ən güclü müdafiə vasitəsidir. Bununla yanaşı, söz azadlığı ilə cəmiyyətin manipulyativ informasiyadan qorunması arasında balans qorunmalıdır", - deyə o bildirib.