Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə bağlı məsələyə münasibət bildirib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı quruma məlumat daxil olub.
"Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd edilən ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə olunan kəskin iqlim dəyişiklikləri ilə birbaşa bağlıdır. Qlobal və regional iqlim şəraiti dəyişdikcə bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir.
"Proses tam nəzarət altındadır", - Agentlik vurğulayıb.



