Bakı.Trend:
Azərbaycan pilotsuz sistemlərin inkişafı sahəsində Cənubi Qafqazda lider mövqeyini qoruyub saxlamaqdadır.
Bu barədə "Geopolitical Monitor" portalında dərc olunan "Pilotsuz silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz müharibənin inteqrasiyası" adlı məqalədə bildirilir.
"Pilotsuz uçuş aparatlarının tətbiqi xüsusilə 2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsi zamanı geniş vüsət alıb. Həmin müharibə pilotsuz sistemlərin döyüş meydanında həlledici rol oynadığı ilk genişmiqyaslı dövlətlərarası münaqişə kimi qiymətləndirilir. Azərbaycanın Türkiyə istehsalı olan "Bayraktar TB2" zərbəçi pilotsuz uçuş aparatlarından (PUA), İsrail istehsalı olan kamikadze tipli sursatlardan və kəşfiyyat PUA-larından geniş istifadə etməsi onların zirehli texnikaya, artilleriyaya və hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək effektivliyini nümayiş etdirib. Bu münaqişə pilotsuz sistemlərin müasir müharibənin əsas elementlərindən biri kimi statusunu möhkəmləndirib",-deyə materialda qeyd olunur.
Məqalə müəllifinin qiymətləndirməsinə görə, Azərbaycan pilotsuz sistemlərin tətbiqi sahəsində institusional baxımdan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olaraq qalır.
"Ölkə həm satınalmalar, həm də yerli istehsalın inkişafı hesabına pilotsuz aviasiya sahəsində potensialını fəal şəkildə artırmaqda davam edir. Son illərdə silahlanmaya yerli istehsal olan "İti qovan" da daxil olmaqla yeni pilotsuz sistemlər qəbul edilib. Azərbaycanın aparıcı müdafiə sənayesi istehsalçısı "Azersilah" da pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə fəal məşğuldur. Yerli istehsalın inkişafı ilə yanaşı, Azərbaycan "Bayraktar TB2" və "Akıncı" da daxil olmaqla Türkiyə və İsrail istehsalı olan geniş çeşiddə pilotsuz sistemlərdən istifadəni davam etdirir, eyni zamanda yeni müasir platformaların alınmasına maraq göstərir. Bundan əlavə, ölkədə "Akıncı" pilotsuz sistemləri üçün ixtisaslaşmış təlim və texniki xidmət mərkəzləri yaradılıb", – deyə materialda vurğulanır.
Məqalədə bildirilir ki, 2021-ci il Şuşa Bəyannaməsi ilə təsbit edilmiş Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı çərçivəsi müdafiə texnologiyaları, kadr hazırlığı və hərbi-sənaye kompleksinin inkişafı sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verib.
Müəllif həmçinin qeyd edir ki, Azərbaycan sadəcə hərbi texnika satın almaqla kifayətlənməyərək, Türkiyənin "Baykar" şirkəti ilə pilotsuz uçuş aparatlarının birgə istehsalı və daha geniş hərbi-sənaye tərəfdaşlığının inkişafı istiqamətində əməkdaşlığı genişləndirməyə çalışır.
"Son illərdə tərəflər texnologiya mübadiləsini, sənaye kooperasiyasını və "Baykar" məhsullarının istehsalının Azərbaycanda lokallaşdırılması imkanını nəzərdə tutan bir sıra saziş və memorandumlar imzalayıblar. Beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət yetirmədiyi ən mühüm hadisələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin tərkibində ayrıca İnsansız Sistem Qoşunlarının rəsmən təsis edilməsi olub. Pilotsuz aviasiya sahəsində potensialın inkişafı müdafiə xərclərinin artması ilə də təmin edilir. Azərbaycanın hərbi büdcəsi 2020-ci ildə təxminən 2,24 milyard ABŞ dollarından 2026-cı il üçün nəzərdə tutulan 5,1 milyard ABŞ dollarına qədər yüksəlib ki, bu da Bakının Silahlı Qüvvələrin modernləşdirilməsi və müasir texnologiyaların tətbiqi kursunu əks etdirir", – məqalədə qeyd olunur.
Yazıda vurğulanır ki, Cənubi Qafqaz pilotsuz sistemlərin əhəmiyyətinin ən aydın şəkildə büruzə olunduğu regionlardan biri olaraq qalır.
"Qarabağ müharibələrinin təcrübəsi, eləcə də Ukraynadakı münaqişədən çıxarılan dərslər region ölkələrini pilotsuz sistemlərin XXI əsrin əsas silah növlərindən birinə çevrildiyinə əmin edib. Azərbaycan yerli istehsalın inkişafı, satınalmaların şaxələndirilməsi və ayrıca İnsansız Sistem Qoşunlarının yaradılması sayəsində pilotsuz sistemlərin inteqrasiyası üzrə regionun qeyd-şərtsiz lideridir. Ermənistan 2020-ci ildəki məğlubiyyətdən dərs çıxararaq Silahlı Qüvvələrini sürətlə modernləşdirir və bu prosesdə pilotsuz aviasiyanın inkişafına xüsusi diqqət yetirir. Gürcüstan isə yerli istehsal sahəsində müəyyən təşəbbüslərə malik olsa da, bu texnologiyaların praktiki tətbiqi baxımından əhəmiyyətli dərəcədə geri qalır", – deyə materialda qeyd edilir.
Ümumilikdə müəllifin gəldiyi qənaətə görə, yaxın illərdə pilotsuz sistemlərin inkişafı Cənubi Qafqaz ölkələrinin hərbi modernləşməsinin əsas istiqamətlərindən biri olaraq qalacaq.