Bakı. Trend:
Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra “Qızıl buts” uğrunda mübarizədə vəziyyət aydınlaşıb.
Bombardirlər siyahısına Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir. O, üç oyunda 6 qol vurub.
İordaniya ilə qarşılaşmada sonradan meydana daxil olan Messi hesabını daha da artıraraq turnirdəki altıncı qolunu vurub.
Messini hazırda dörd futbolçu izləyir. Kilian Mbappe, Usman Dembele, Vinisius Junior və Erlinq Holandın aktivində dörd qol var. Mbappe bununla yanaşı iki, Dembele isə bir məhsuldar ötürmə edib ki, bu da yekunda bərabərlik yaranacağı halda həlledici amillərdən biri ola bilər.
Turnirin ən xoş sürprizlərindən biri Almaniya millisinin hücumçusu Deniz Undavdır. O, əsas heyətdə daimi yer almamasına baxmayaraq, artıq üç qol və iki məhsuldar ötürmə ilə mundialın ən məhsuldar futbolçularından birinə çevrilib.
Üç qol vuranlar sırasında həmçinin Coel Manzambi (İsveçrə), İsmaila Sarr (Seneqal), Brayan Brobbi (Niderland), Mateus Kunya (Braziliya), Conatan Devid (Kanada), Elayca Cast (Yeni Zelandiya), Harri Keyn (İngiltərə), İlyas Saibari (Mərakeş) və Yoan Vissa (DR Konqo) yer alırlar.
“Qızıl buts” uğrunda mübarizənin pley-off mərhələsində daha da gərgin keçəcəyi gözlənilir. İlk beşlikdə qərarlaşan futbolçuların hamısı mundialda çıxışını davam etdirir və hesablarını artırmaq imkanı qazanacaq. Xüsusi diqqət isə Lionel Messiyə yönəlib. Argentina kapitanı təkcə DÇ-2026-nın bombardiri deyil, həm də dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu kimi yeni rekordlara imza atmağa davam edir.