Bakı. Trend:
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai milli təhlükəsizlik və İranın dövlət ləyaqəti məsələlərinin danışıqlara və ya şərti müzakirələrə məruz qalmadığını bildirib.
İran mediası yazır ki, o, İranın özünümüdafiə hüququ və onu həyata keçirmək vasitələrinin heç bir tərəflə danışıqların mövzusu ola bilməyəcəyini vurğulayıb.
Bəqai sosial media paylaşımında ölkənin müdafiə hüququnu məhdudlaşdırmaq üçün edilən hər hansı bir cəhdin qəbuledilməz olduğunu əlavə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İranın hərbi potensialının İran xalqının təcavüz və cinayətlərə qarşı qanuni müdafiə hüququna zəmanət verməsi, eyni zamanda regionda sülh və sabitliyi təmin etməsi hər kəsə aydın olmalıdır.
Onun sözlərinə görə, İranın regionun kollektiv təhlükəsizliyinə digər tərəflərdən daha çox marağı var.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Körfəz dövlətlərini regional sabitliyə zərər verəcək xarici güclərlə əməkdaşlığa görə qınayıb.