Bakı. Trend:
Almaniyanın "Volkswagen" qrupunun baş direktoru Oliver Blume yaxın bir neçə il ərzində dünya miqyasında 100.000-ə qədər iş yerini ixtisar etməyi və qrupun Almaniyadakı dörd zavodunda istehsalı dayandırmağı planlaşdırdıqlarını açıqlayıb.
Xarici media yazır ki, Blume həmçinin növbəti beş il ərzində investisiyaları təxminən 15% azaltmağı planlaşdırdıqlarını bildirib.
Blume və VW-nin baş maliyyə direktoru Arno Antlitz şirkəti tamamilə yenidən qurmaq niyyətindədirlər. Xüsusilə, Volkswagen markası və komponent istehsal edən zavodların mövcud qrupdan ayrı qurumlara ayrılması planlaşdırılır.
Orta müddətli perspektivdə VW Hannover, Zvikau və Emdendəki istehsal müəssisələrini, eləcə də Nekkarsulmdakı Audi zavodunu bağlamaq niyyətindədir. Orada istehsal olunan modellər tədricən dayandırıldıqdan sonra istehsal dayandırılacaq.
VW səhmləri cümə günü ticarətdə 0,5% artıb. Avtomobil istehsalçısının bazar kapitallaşması ilin əvvəlindən bəri təxminən 25% azalıb (39 milyard avroya düşüb), DAX səhm indeksi isə 1%-dən bir qədər çox artıb.