Bakı. Trend:
Nizamnaməli Sığorta İnstitutu (CII) peşəkar təhsil sahəsində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə CII-nin baş icraçı direktoru Metyu Hill Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
O qeyd edib ki, CII qlobal miqyasda müxtəlif təşkilatlarla tərəfdaşlıq şəraitində işləyir və hazırda strateji ittifaqlar yaratmaq üçün yanaşmasını modernləşdirir.
"Bu, CII üçün çox həyəcanverici bir zamandır, çünki biz yanaşmamızı modernləşdirməyə və dünyanın hər yerindəki qurumlar və şirkətlərlə strateji tərəfdaşlıq qurmaqda daha çevik olmağa çalışırıq. Bir sıra mövcud əməkdaşlıq modelləri Azərbaycanda tətbiq oluna bilər", - deyə o bildirib.
Nümunə olaraq, Hill CII-nin BƏƏ Maliyyə İnstitutu ilə əməkdaşlığını misal gətirib.
“Mərkəzi Bankın müəyyən etdiyi məqsədlər çərçivəsində fəaliyyət göstərən İnstitut potensialı əhəmiyyətli dərəcədə artırmaq üçün çalışır. Biz onlarla sıx əməkdaşlıq edərək, geniş miqyasda ixtisas əldə etməyə imkan verən peşəkar təlimlərə çıxış təmin edirik.
Hökumət tərəfindən dəstəklənən peşəkar inkişaf proqramının bir hissəsi olaraq, CII Honkonq sığorta bazarında iştirakçıların bacarıqlarını artırmaq üçün imkanlar yaradır.
Dünyanın hər yerindən şirkət və qurumlarla yüzlərlə tərəfdaşlıq imkanı mövcuddur”, - deyə Maykl Hill qeyd edib.
O, CII-nin peşəkarlığa sadiq olan təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
“Peşəkarlığa sadiq olan hər kəslə tərəfdaşlıq qurmağa hazırıq. Bizim üçün ən vacib şey, dünyada tanıdığımız ciddi standartlar və keyfiyyət nüfuzunu qorumaqdır”, - deyə Maykl Hill bildirib.