Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbyacan ərazisi üzrə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 4 milyon 711,7 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 976,1 min ton və avtomobil nəqliyyatı ilə 3 milyon 732,2 min ton yük daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 45,2%, dəniz nəqliyyatı ilə yük daşımaları 19%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 35,8% paya malik olub.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 2%, dəniz nəqliyyatı ilə 16,3% azalıb, avtomobil nəqliyyatı ilə isə 6,7% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 4 milyon 809,4 min ton, dəniz nəqliyyatı ilə 2 milyon 360,1 min ton və avtomobil nəqliyyatı ilə 3 milyon 498,7 min ton yük daşınıb.
Ümumilikdə Azərbaycan son illərdə Avrasiya məkanında əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində iri infrastruktur layihələrini davam etdirir. Ölkə Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə dəmir yolu, avtomobil yolları, dəniz limanları və logistika infrastrukturuna milyardlarla dollar həcmində investisiyalar yatırıb. Bu siyasətin əsas hədəfi Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir.
Xüsusilə Orta Dəhlizin inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri bu marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Hazırda Bakı Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona, konteyner emalı imkanlarının isə 500 min TEU-dan 1 milyon TEU-ya çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.
Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto bildirib ki, Azərbaycan son illərdə nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyalar hesabına Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib.
"Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar bu gün öz nəticəsini verir. Ölkə Avropa ilə Asiya arasında etibarlı tranzit qapısı kimi mövqeyini daha da möhkəmləndirir və Orta Dəhlizin inkişafında aparıcı rol oynayır", - deyə o vurğulayıb.
TRACECA Hökumətlərarası Komissiyasının baş katibi Asset Assavbayev isə Trend-ə müsahibəsində qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri regionun logistika xəritəsini dəyişir.
"Azərbaycanın inkişaf etdirdiyi müasir nəqliyyat infrastrukturu və liman imkanları TRACECA marşrutunun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzrə yük axınının artması bu investisiyaların səmərəsini nümayiş etdirir”, - o bildirib.
Hesab edilir ki, Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa marşrutu üzrə daşımaların artması fonunda Azərbaycanın tranzit potensialı yaxın illərdə daha da yüksələcək. Bu isə ölkənin qeyri-neft gəlirlərinin artırılması, logistika xidmətlərinin genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarət marşrutlarında strateji rolunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusən də vurğulanır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Belə ki, bu marşrut Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirərək Orta Dəhlizin səmərəliliyini artıra, yükdaşımaların marşrutunu qısalda və Azərbaycanın regional logistika habı kimi mövqeyini daha da gücləndirə bilər. Bir sözlə, dəhlizin istifadəyə verilməsi həm Türk dünyası arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsinə, həm də Avropa ilə Asiya arasında yük axınlarının artmasına mühüm töhfə verəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Orta Dəhliz üzrə yükdaşımaların həcminin yaxın illərdə daha da artacağı gözlənilir. Bu məqsədlə dəhliz boyunca buraxılış qabiliyyətinin artırılması, rəqəmsallaşdırma və sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.
Trend-ə eksklüziv müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, limanın hazırkı illik yükaşırma gücü 15 milyon ton və 150 min TEU konteyner təşkil edir, ikinci inkişaf mərhələsinin tamamlanmasından sonra isə bu göstəricilər müvafiq olaraq 25 milyon ton və 500 min TEU-ya çatdırılacaq.
"Biz Bakı Limanını yalnız yük qəbulu məntəqəsi deyil, Avropa ilə Asiya arasında inteqrasiya olunmuş logistika və sənaye mərkəzi kimi inkişaf etdiririk. Məqsədimiz Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirməkdir", - deyə T.Ziyadov Trend-ə bildirib.
O qeyd edib ki, Bakı Limanında rəqəmsal həllərin tətbiqi, yük emalının sürətləndirilməsi və multimodal daşımaların inkişafı tranzit müddətlərinin azalmasına və daşıma səmərəliliyinin yüksəlməsinə imkan yaradır.
Trend-ə müsahibəsində Ələt Azad İqtisadi Zonasının (AFEZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov isə vurğulayıb ki, zona Orta Dəhlizin əsas istehsal və logistika platformalarından biri kimi formalaşdırılır.
"Ələt Azad İqtisadi Zonası investorlar üçün regionun ən rəqabətli biznes mühitlərindən birini təqdim edir. Məqsədimiz Azərbaycanı istehsal, logistika və ixracyönümlü sənaye üzrə regional mərkəzə çevirməkdir. Burada fəaliyyət göstərəcək müəssisələr həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat marşrutları vasitəsilə yüz milyonlarla istehlakçının yerləşdiyi bazarlara çıxış əldə edəcəklər", - deyə V.Ələsgərov Trend-ə bildirib.
Onun sözlərinə görə, Azad Zonada həyata keçirilən layihələr yalnız tranzit daşımalarını deyil, eyni zamanda yüksək əlavə dəyər yaradan istehsalın inkişafını dəstəkləyəcək və Azərbaycanın beynəlxalq təchizat zəncirlərində rolunu daha da gücləndirəcək.
Beləliklə, nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmi ilə bağlı açıqlanan statistika Azərbaycanın logistika və tranzit mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uzunmüddətli strategiyanın nəticələri fonunda xüsusi əhəmiyyət kəsb edir. Bakı Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının inkişafı və Orta Dəhliz üzrə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi yaxın illərdə ölkənin tranzit gəlirlərinin və regional logistikadakı payının daha da artmasına şərait yaradacaq.