Bakı. Trend:
"Anglo Asian Mining" Azərbaycandakı “Xarxar” və “Qaradağ” yataqlarının işlənməsi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) işlərinin aparılması üçün "Worley Europe Limited" şirkətini podratçı təyin edib.
Bu barədə şirkətin məlumatında qeyd olunub.
Şirkətdən bildirilib ki, tədqiqatlar “Xarxar” və “Qaradağ” yataqlarında misin yığınla yuyulması, eləcə də sonrakı ekstraksiya və elektroliz (SX-EW) texnologiyasının tətbiqi variantlarının qiymətləndirilməsinə yönələcək.
“Bu texnologiya misin sonradan əridilmə və saflaşdırılma üçün ixrac olunan konsentrat şəklində deyil, birbaşa mədəndə əmtəəlik məhsul kimi istehsalına imkan verir. Bu, həm şirkətin fəaliyyəti çərçivəsində, həm də Azərbaycanda ilk dəfə olaraq misin hazır metal formasında istehsalının planlaşdırılması deməkdir”, - məlumatda vurğulanıb.
Bildirilib ki, texniki-iqtisadi əsaslandırmanın “Xarxar” layihəsi üzrə 2027-ci ilin ortalarında, “Qaradağ” layihəsi üzrə isə 2028-ci ilin birinci yarısında tamamlanması gözlənilir.
Qeyd edək ki, "Worley Europe Limited" beynəlxalq "Worley" qrupunun tərkibinə daxildir. Bu qrup enerji, kimya sənayesi və təbii ehtiyatlar sahəsində fəaliyyət göstərən qlobal mühəndislik şirkətidir və baş qərargahı Avstraliyada yerləşir. Şirkət aktivlərin həyat dövrünün bütün mərhələlərində layihələrin icrası və dəyər yaradılması üzrə ixtisaslaşıb. Hazırda "Anglo Asian Mining" bu tədqiqatların aparılması ilə bağlı "Worley Europe Limited" ilə müqavilənin rəsmiləşdirilməsini başa çatdırır.
Xatırladaq ki, “Xarxar” yatağı Gədəbəy müqavilə sahəsinin şimal sərhədindən 1,5 kilometr məsafədə yerləşir. Burada 2023-cü ildə səthdən və yeraltı horizontlardan karotaj qazmaları da daxil olmaqla geniş geoloji-kəşfiyyat işləri aparılıb. Həmçinin kəşfiyyat portalı tikilib və yeraltı qazma yolu açılıb. 2022-ci ildə yatağın əvvəlki sahibindən əldə edilmiş tarixi məlumatlar da təhlil olunub. İşlərin nəticələrinə əsasən, JORC standartına uyğun mineral ehtiyatların qiymətləndirilməsi dərc edilib və buna əsasən mis ehtiyatları 119,1 min ton təşkil edir.
“Qaradağ” yatağı “Xarxar”ın şimal sərhədinə bitişikdir və eyniadlı filiz sahəsini əhatə edir. 2024-cü ildə bu yataq üzrə JORC standartına uyğun ilkin resurs qiymətləndirilməsi dərc olunub və burada təxminən 900 min ton mis ehtiyatının olduğu təsdiqlənib.