Bakı. Trend:
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarında əldə olunan nəticələr açıqlanıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, səsləndirilən rəqəmlər Azərbaycanda keçirilən özəl sektor forumu çərçivəsində imzalanan ümumi sazişlərin dəyərinə aiddir və bu layihələr əsasən özəl sektorun inkişafına yönəlib: “Düşünürəm ki, qeyd edilən rəqəmlər Azərbaycanda keçirilən özəl sektor forumu çərçivəsində imzalanan ümumi sazişlərin dəyərini əks etdirir. Bu layihələr əsasən özəl sektorla bağlıdır və bu da bizim özəl sektorun inkişafına yönəlmiş siyasətimizi əks etdirir".
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanla İslam İnkişaf Bankı Qrupu arasında da bir sıra ayrıca sazişlər imzalanıb. Onun sözlərinə görə, bunlara Qarabağ suvarma kanalı layihəsi də daxildir: “Azərbaycanla İİB Qrupu arasında da ayrıca suveren sazişlər imzalanıb. Mən Qarabağ suvarma kanalı layihəsini qeyd etmişdim".
Nazir əlavə edib ki, OPEC Fondu ilə də oxşar sazişlər mövcuddur və Sumqayıt tullantı su layihəsinin tikintisi də bunlara daxildir. Onun sözlərinə görə, Qarabağ suvarma kanalı üzrə kreditin həcmi 450 milyon ABŞ dollarından çoxdur, Sumqayıt tullantı su layihəsi isə 100 milyon dollardan artıqdır:
Mikayıl Cabbarov bildirib ki, həmçinin Abşeron yarımadasında 33 kənd və yaşayış məntəqəsinin su təchizatını əhatə edən layihə üzrə də razılaşma mövcuddur.
Nazir vurğulayıb ki, forum çərçivəsində əsas diqqət infrastruktur, daşınmaz əmlak investisiyaları, enerji layihələri və bank sektoruna yönəlib. Eyni zamanda, Azərbaycan banklarına həm manat, həm də ABŞ dolları ilə kredit xətləri açılıb və bu vəsaitlər kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib: “Azərbaycan banklarına həm yerli valyutada, həm də ABŞ dollarında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün kredit xətləri təqdim olunub".
O, həmçinin Azərbaycan Biznesin İnkişafı Fonduna da maliyyə xəttinin ayrıldığını qeyd edib. Nazirin sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan da daxil olmaqla bir sıra çoxtərəfli maliyyə institutları ilə də müqavilələr imzalanıb. Buna nümunə kimi Türk İnvestisiya Fondu ilə çərçivə sazişi göstərilib: “Bu əməkdaşlıq çərçivəsində Azərbaycan da tərəf olduğu çoxtərəfli maliyyə institutları ilə müqavilələr imzalanıb. Buna nümunə olaraq Türk İnvestisiya Fondu ilə çərçivə sazişini qeyd edə bilərəm".
Mikayıl Cabbarov əlavə edib ki, forum həm də ikitərəfli əsasda müxtəlif üzv ölkələrlə investisiya əməkdaşlığının genişləndirilməsi üçün imkan yaradıb: “Bu forum bizə həm də Ərəb dünyası, Asiya regionu və Afrika ölkələri də daxil olmaqla bir sıra üzv dövlətlərlə ikitərəfli investisiya əməkdaşlığını genişləndirmək imkanı verdi".
Nazir sonda bildirib ki, Azərbaycan iqtisadiyyatı və iqtisadi subyektləri üçün nəticələrdən məmnundurlar və əməkdaşlığın davam etdirilməsi gözlənilir. O, həmçinin sukuk emissiyaları ilə bağlı məsələnin Mərkəzi Bank və İslam İnkişaf Bankı Qrupu ilə məsləhətləşmələr mərhələsində olduğunu deyib: “Sukuk emissiyaları ilə bağlı müvafiq məsləhətləşmələr Azərbaycan Mərkəzi Bankının və İslam İnkişaf Bankı Qrupunun iştirakı ilə aparılır və proses hazırda qiymətləndirmə mərhələsindədir". Cabbarov qeyd edib ki, məqsəd Azərbaycan iqtisadi subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.